Tərlan Əhmədov: “Bəlkə heç “Keşlə”ni avrokuboka mən aparmadım”

30 May 2020 21:00 Şamaxı 828
Tərlan Əhmədov: “Bəlkə heç “Keşlə”ni avrokuboka mən aparmadım”

Azərbaycan futbolu dərin yuxudadı.

Koronavirus pandemiyası bütün sahələr kimi futbol təsərrüfatını da iflic vəziyyətə salıb.

Çempionat dayanıb, klubların fəaliyyəti “donub”, sabahla bağlı heç nəyi proqnozlaşdırmaq olmur.

…Vəziyyət Operativ Qərargahın dünənki qərarlarına kimi belə idi. İndi futbolda mənzərə bir qədər dəyişəcək, ən azı komandalar məşqə başlaya biləcək. Tezliklə Premyer Liqanın bərpa tarixi müəyyənləşəcək və proseslərin sonrakı inkişafını izləməklə məşğul olacağıq.

Tərlan Əhmədovla söhbət edərkən hələ idman yarışlarının qoyulan qadağalar yumşaldılmamışdı – bu, bir neçə saat sonra reallaşacaqdı. Ona görə də “Keşlə”nin baş məşqçisiylə müsahibədə bədbin notlar daha çox hiss edilə bilər. Baxmayaraq ki, Tərlan bəy qərardan asılı olmayaraq, fikrində qəti olduğunu bildirir.

– Karantin günləri necə keçir?
– Həm yaxşı, həm də pis. İstirahət etmədiyimiz günlərin əvəzini çıxdıq. Amma bir az çox oldu, işsiz qalmaq yaxşı deyil.

– Bu günlər ərzində nə etdiz?
– Evdə oturdum, sırf öz sahəmə aid kitablar oxudum. Vaxtımın böyük hissəsi cari mövsümdə keçirdiyimiz oyunları yenidən izləyib, analiz etməyə getdi.

– Analizlər nəyi üzə çıxardı?
– Qeyri-sabit çıxışımız narahat edirdi, bunun səbəblərini tapmağa çalışdım. Qışdan sonrakı nəticələrimiz məni qane etmirdi. Biz müəyyən mərhələdə pikə çatmalıydıq, buna nail olmadıq. Növbəti dəfə oyunları analiz etməklə qənaətlərimi daha da dəqiqləşdirdim. Yayda yığılan heyət hələ tam formalaşmayıb, komandanın komplektləşməsi bitməyib. Yeni oyunçuların heyətə tam uyğunlaşmaması da qeyri-sabitliyin səbəbidi. Qışaqədərki çıxışımız daha qənaətbəxş olub.

– Sanki hansısa oyunçulardan asılılıq da sizə problem yaradırdı. Aparıcı oyuçulardan 1-2-si matçı buraxan kimi bu, özünü nəticədə göstərirdi. Bəlkə əsas heyətə layiq olan futbolçuların azlığı, seçimdəki məhdudiyyət sabit çıxışa mane olurdu?
– Birdən-birə komanda qurmaq olmur. İş prosesində boşluqları görürsən. Məsələn, Sezar Meza Kolli zədələnirdi və heyətə qayıdana kimi onun yerini doldurmaq üçün əziyyət çəkirdik. Və ya Con Kamara. Bizim əsas problemimiz qışda Ruslan Qurbanovun zədələnməsi ilə başladı. O, yayda bizə gələndə də formada deyildi, “Səbail”də qeyri-sabit çıxış etmişdi. “Keşlə”də formaya düşdü, komandanın liderlərindən birinə çevrildi, lakin qəfil ağır zədəylə xeyli müddət oynamadı. Rotasiyaya əl atanda isə istər-istəməz problemlər yaranır. Ruslanı Sezarın yerində oynada bilirdim, lakin ikisi də sıradan çıxanda çətin olurdu.

– Qışda aldığınız legionerlər də uyğunlaşmaq problemi yaşayır?
– Komandaya zamanla uyğunlaşdılar və hələ bu proses bitməyib. Limit üzündən Şahrux Qadoyevin xidmətindən tam istifadə edə bilmədik. Aleksandr Kristavao da onun kimi. Lazımlı futbolçulardı və bizə kömək edəcəklər. Digər əcnəbi oyunçularımız zədə və ya cəza səbəbindən kənarda qalan kimi bu oyunçular şans qazanır və heyətə uyğunlaşırlar.

– Tito komandanın bombardiri olsa da, vacib qollar vursa da, sanki hələ də hücumçu axtarırsız…
– Bir hücumçuyla oynamaq olmur. Daim alternativ olmalıdı və Kristavao bu mənada rəqabət yaratdı. Tito qışda aldığı zədə üzündən formadan uzaq düşmüşdü, zamanla hər ikisi şans qazandı və qazanacaq.

– Komandanı hələ tam formalaşdırmadığınızı deyirsiz. Belə çıxır ki, yeni mövsüm üçün bu heyətin özəyi qalacaq və əlavələr olacaq.
– Heyətdə ciddi dəyişiklik olmayacaq. 2-3 nəfərin getməsi və yenilərin gəlməsi mümkündü. Daha keyfiyyətli futbolçular gətirmək istəyirik ki, gedənlərdən üstün olsunlar, komandanı gücləndirsinlər. Yenilərin əcnəbi, yoxsa yerli olması hələ dəqiq deyil. Əvvəlcə indi sərəncamımızda olanlarla yeni anlşmalar əldə edilməlidi, daha sonra limiti də nəzərə alaraq maraqlandığımız futbolçularla bağlı qərar verəcəyik.

– Sezarın milliləşdirilməsi məsələsi də müzakirə olunur. Limitlə bağlı qayğınıza bu amil kömək edə bilər.
– Meza Kolli hələ bizim oyunçu deyil, Rumıniya klubundan icarəyə götürmüşük. Bundan başqa, onu yerli klublardan bir neçəsi istəyir, saxlamaq asan olmayacaq. Milliləşsə və bizdə qalsa, xeyri dəyəcək. Bu dəqiqə onun hansı statusda oynamasından daha çox məhz heyətdə qalmasını arzulayıram.

– Başqa bir milliləşən oyunçu Riçard Almeyda BƏƏ klubu ilə vidalaşmaq üzrədi. Bəlkə onu gətirəsiz…
– Bizim bu transferə maddi cəhətdən gücümüz çatmaz (gülür).

– Bəzi yerli futbolçularınızın digər klublardan təklif aldığını eşitmişik. Hətta Vüsal İsgəndərlinin getmək qərarı verdiyini deyirlər.
– Bizim də başqa klublardan gətirmək istədiyimiz futbolçular var. Gedişata baxacağıq. Tələblərdən, müqavilə məbləğlərindən çox şey asılıdı. Bizimlə yeni müqavilə barədə danışmaq istəyən, getmək istəyən, eyni zamanda “Keşlə”yə gəlmək istəyən futbolçular var. Bütün bunlara yeni mövsümöncəsi qərar veriləcək. Hələ cari mövsümün taleyi bilinməlidi.

– Hazırkı çempionatın bərpa olunmasının əleyhidarlarından biri idiz. Səbələriniz nədir?
– Əvvəla, komandaların məşqçilərinin çoxu mənimlə həmfikir idi, açıqlamalarında da bunu hiss etdirmişdilər. Səbəblərə gəlincə, ön planda insanların sağlamlığı, təhlükəsizliyi durmalıdı. Ölkə rəhbərliyi də bunu əsas bilir, bir sıra qabaqlayıcı tədbirlər həyata keçirib. Ölüm halları həddən artıq çoxdu, yoluxma sayı hər gün artır, rekord həddə çatır. Bu məsələdə dövlət rəhbərliyinə dəstək olmalıyıq. Futbolçularım bu ölkənin insanlarıdı, sabah onlardan kimsə yoluxsa və virusu ailəsinə daşısa, buna görə kim məsuliyyət daşıyacaq? Hər klubda 40-50 nəfər çalışır və onların 5-6 ailə üzvü, dost-tanışı var. Yoluxma baş versə, miqyası özünüz düşünün. Şəxsən mən 74 yaşlı anama görə narahatam. İkinci məsələ futbolçuların zədələnmə ehtimalıyla bağlıdı. 3 aylıq fasilədən sonra tam hazırlıq keçmədən futbol oynamaq zədə epidemiyasına səbəb olacaq. “Keşlə” süni meydanda məşq edir, bizdə risk daha çoxdu. Almaniya çempionatında hər tur onlarla futbolçu zədələnir. Minimum 4-5 həftəlik hazırlıq dövrü lazımdı ki, fəsadlardan qaçaq. Yayın yandırıcı istisində futbol oynamaq özü də əlavə riskdi, ciddi problemlər yaranacaq. Və nəhayət, müqavilə məsələləri ilə bağlı qeyri-müəyyənlik var. Müqaviləsi bitən oyunçuların matçlara necə motivasiya olunacağı mənə maraqlıdı. Komandadan ayrılmağa qərar verənlər zədədən qaçmaq üçün özünü qoruyacaq, ehtiyatlı olacaq və bu, nəticələrdə əksini tapacaq. Bütün bunları nəzərə alaraq, hazırkı çempionatın ləğvinin tərəfdarı olmuşam ki, yeni mövsüm üçün daha rahat plan qura bilək.

– Tərlan Əhmədov komandası avrokuboka vəsiqə verməyən 5-ci pillədə olsaydı, yenə eyni cür düşünərdi?
– Mütləq. Avrokubokdan daha vacib məqamlar var. Həm də heç bəlkə komanda Avropa Liqasına gedəndə mən olmayacam. Mənim də mayın 31-də müqaviləm bitir. Heç bəlkə rəhbərlik mənimlə yola davam etmək istəmədi? “Neftçi”ylə də qitə yarışlarına vəsiqə qazandım, işimə davam etmədim, dünya dağılmadı ki… Mənim üçün ən vacibi insanların sağlamlığıdı. İnanın, çempionat başlayandan sonra da eyni problem yarana, 2-3 turdan sonra vəziyyət yenə də ciddiləşə, növbəti dəfə təxirəsalma reallaşa bilər.

– Sanki bir az pessimistsiz. “Keşlə” sonuncu pilləni tutandan sonra rəhbərlik sizə yenidən etimad göstərdisə, çempionatın medalçısı olduqdan sonra Tərlan Əhmədovla yola davam etməmək real deyil.
– Bu, rəhbərliyin işidi. Mən öz müqavilə müddətimi sualınıza cavab olaraq xatırlatdım, indi heç o barədə düşünmürəm, daha vacib işlər var.

– Əksər legionerləriniz Bakıdadı. Yəqin onlarla müntəzəm əlaqə saxlayırsız. Darıxırlarmı?
– Yalnız Stanislav Namaşko vətəni Moldovadadı. Şahrux Qadoyev və Miyusko Boyoviç Bakıda ailəsi ilə birlikdədi. Qalan legionerlərimiz isə darıxır. Onlayn məşqlər problemin həlli deyil. Hələ sabah bəzi oyunçuların karantin dövründə yaranmış psixoloji problemləri də ortaya çıxacaq.

– Çempionatın başlaması haqda qərar sizi başqa problemlə də üz-üzə qoyacaq. Belə ki, əsas qapıçınız Namaşko hansısa yolla qayıtmalı, bir müddət karantində qalmalı və hazırlığa gec qoşulmalıdı. Rəşad Əzizli onun yerini doldura biləcək?
– Bizim üçün ciddi problemdi. Amma Rəşad kubok matçlarında oynayıb və ona inamımız böyükdü. Bəlkə də Əzizlinin oynaması risk olacaq, lakin onun mümkün şansdan yaxşı yararlanacağına əminəm. Məsələnin yaxşı tərəfini düşünməyə çalışıram. Problem ondadı ki, o zədə alsa, çətin vəziyyətdə qalacağıq. Bu səbəbdən Namaşkonu təcili şəkildə Azərbaycana gətirməyə çalışmalıyıq.

– Ən yaxın izləyicinizlə 7 xallıq fərq var. 3-cü yeri qoruyacağınızla bağlı arxayınlıq yoxdu?
– Hətta 3 tur qalanda belə arxayınlaşmaq olmaz. Bu fasilənin kimə necə təsir edəcəyini zaman göstərəcək. Sona qədər mübarizə aparmalıyıq.

– “Keşlə”nin indiki heyəti avrokubokda yaxşı çıxış etmək üçün yetərlidi?
– İstədiyimiz daha 2-3 futbolçunu alsaq, hə.

– “Yaxşı çıxış” deyəndə nəyi nəzərdə tutursuz – qrupa düşməyi?
– Qrupdan danışmaq tezdi. Belə vəd verməyim. Hələ nəyin necə olacağı bilinmir. Bir də ki, o səviyyəli komandanın formalaşması üçün minimum 3 il lazımdı. Mən ilyarımdı “Keşlə”dəyəm, istədiyim komandanı formalaşdırmağa isə bir ildi başlamışam.

– Pandemiyanın yaratdığı maliyyə problemləri AFFA-nın seçiminə də təsir etdi. Deyilənlərə inansaq, artıq millinin baş məşqçi postuna yenidən əcnəbi gətirilməsi məsələsi gündəmdə deyil. Yerli namizədlər arasında isə sizin də adınız var. Təklif olsa, cavabınız nə olacaq?
– Dəvət olsa, niyə də qəbul etməyim? İşləməyə canla-başla hazıram. Millidə işləmək şərəfdi. Futbolçuların hamısını tanıyırıq, potensialını bilirik, işləmək olar.

– “Keşlə” ilə müqaviləniz bitdiyindən indi daha rahat danışırsız, daha klubun əngəl törətmək ehtimalı yoxdu.
– Təklif olsa, yenə klub rəhbərliyi ilə məsləhətləşəcəm. “Neftçi”dən sonra 6 ay işsiz qaldım, “Keşlə” mənə şans verdi. Klub rəhbəri Zaur Axundovun yaxşılığını itirə bilmərəm. Uğursuz bitən ötən mövsümdən sonra o, mənə yenə etimad göstərdi. Bunları yaddan çıxarmamalıyam və millidən təklif gəlsə,öncə onunla danışmalıyam. Lakin yığmadan dəvəti geri çevirmək fikrim yoxdu (futbolinfo.az).

Digər Xəbərlər
Xəbər Lenti