“Özü ilə danışıb, razılaşdıq ki, biz ona maaş ödəyiriksə…”

22 Oktyabr 2021 21:00 Şamaxı 824
“Özü ilə danışıb, razılaşdıq ki, biz ona maaş ödəyiriksə…”

"Keşlə" ötən mövsümün sonunda transferə çıxardığı Con Kamaranı bu həftə yenidən heyətinə qatdı.

Maraqlıdır ki, syerra-leoneli yarımmüdafiəçi paytaxt klubundan yola salınanda da baş məşqçi Sənan Qurbanov idi, indi də.

Bəs dəyişən nə oldu ki, 33 yaşlı futbolçu yenidən komandaya qaytarıldı?

Gənc mütəxəssis sualımıza cavab olaraq Sportinfo.az-a bunları deyib:

"Con Kamara bizdə yüksək maaş alan futbolçulardan idi. Yollarımız ayrılsa da, onun aylıq maaşı müəyyən qədər ödənirdi.

Biz də futbolçu ilə danışıb, razılaşdıq ki, maaş ödənirsə, elə gəlib komandamıza kömək etsin. Bizə sərf edən maaşa razılaşdı.

Bu təklif Kamaranın özünə də uyğun oldu. Çünki "Keşlə"dən ayrılandan klubsuz qalmışdı. Həm də o, milli komandasının şərəfini qoruyur".

Qurbanov mövsümün sonu yenidən Kamaranı komandada saxlamaqla bağlı danışmağın hələ tez olduğunu bildirib:

"Onunla 1 illik müqaviləmiz var. Sonrasının necə olacağını demək tezdir. Çünki futbolçu bəzən artıra bilir, bəzən səviyyəsindən aşağı çıxış edir.

Bundan başqa məqamlar da var ki, qərara təsir edir. Ona görə də bu barədə indidən danışmaq doğru olmaz".

O, artıq məşqlərədə iştirak edən futbolçunun səviyyəsinin hansı səviyyədə olması barədə də danışıb:

"Son 4 məşqimizdə iştirak edib. Açığı, daha aşağı formada olacağını gözləyirdim. Nəzərə alaq ki, bizdən ayrılandan sonra klubsuz qalmışdı. Amma milli komandasının son 3 oyununda iştirak etməsi formada qalmasına kömək edib".

"Keşlə" Premyer Liqanın qarşıdakı turunda "Qəbələ"ni qəbul edəcək. Con Kamaranı bölgə klubu ilə matçda meydanda görə biləcəkmi?

Qurbanovu dinləyək: "Hər şey ola bilər. Amma heyətlə bağlı qərar verməmişəm. Onu deyə bilərəm ki, Kamara "Qəbələ" ilə oyunda 23-lükdə olacaq. Meydana çıxıb-çıxmayacağı oyun günü bilinəcək".

Digər Xəbərlər
Xəbər Lenti