
“Hamı istəyir ki, Premyer Liqada komanda sayı artsın, bölgə təmsilçiləri çox olsun”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Murad Musayev deyib.
Əslən Zaqataladan olan və illərdir “Qəbələ”nin şərəfini qoruyan arxa xətt oyunçusu bildirib ki, öz komandasıyla yanaşı, “Karvan”la “İmişli” kimi bölgə təmsilçilərinin Premyer Liqaya vəsiqə qazanmasına sevinib:
“Ancaq mənim istəyim budur ki, elitaya vəsiqə qazanan klubların şəraiti göz oxşasın. Əlbəttə, “İmişli” ilə “Karvan”ın vəsiqə qazanmasına sevinirəm və hər iki klubu təbrik edirəm.
Söhbət Premyer Liqadan gedirsə, şərait yaxşı olmalıdır, futbolçular keyfiyyətli meydanda oynamalıdır, şəraitli oteldə məskunlaşmalıdır, azarkeşlər baxımlı futbol izləməlidir.
Məsələn, nə qədər güclü komanda olsan da, İmişlidə, yaxud Yevlaxda möhtəşəm futbol göstərə bilmərsən. Çünki meydanların vəziyyəti xoş deyil.
Məncə, problemləri aradan qaldırıb tam şərait qurandan sonra Premyer Liqaya gəlmək daha yaxşıdır”.