Olavio Juninyo “Pumas”ı seçməsinin səbəblərindən danışıb.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu Meksikanın TUDN nəşrinə açıqlamasında “Pumas”ın böyük ənənəsinin onun üçün həlledici amil olduğunu deyib.
O, bu klubun tarixən yüksək səviyyədə rəqabət aparmağa öyrəşdiyini vurğulayıb. Juninyo hazırkı komandasını yenidən titullar yoluna qaytarmaq istədiyini bildirib:
“Bu, böyük klubdur. Mən Dani Alvesin buraya gəlişini xatırlatmaya bilmərəm. O, hər şeyi qazanmış futbolçudur və "Pumas"a təsadüfən gəlməmişdi.
Bu klub ölkədə böyük hörmətə malikdir və bu, mənim qərarımda çox önəmli rol oynadı”.
“Pumas” Juninyonu heyətinə qatmaq üçün Braziliyanın “Flamenqo” klubuna təxminən 5 milyon dollar ödəyib.
Forvard Meksikaya gəlməzdən əvvəl Avropada Azərbaycan çempionu “Qarabağ”ın formasını geyinib və karyerasının ən məhsuldar dövrünü məhz Ağdam təmsilçisində keçirib.

