Rusiya Prezidenti Vladimir Putin Fransa vətəndaşı, Rusiyada xarici agent kimi tanınan Loran Vinatyeni əfv edib.
Sportinfo.az xəbər verir ki, sözügedən qərar Rusiya ilə Fransa arasında həyata keçirilən məhbus mübadiləsi çərçivəsində baş tutub.
Bildirilib ki, bu gün baş tutan mübadilə nəticəsində Loran Vinatye rusiyalı basketbolçu Daniil Kasatkinlə dəyişdirilib.

Fotoda: Loran Vinatye
Qeyd edək ki, L. Vinatye İsveçrənin “Humanitar Dialoq Mərkəzi”nin əməkdaşı olub. O, Rusiyada xarici agent kimi qeydiyyatdan keçməmək və hərbi fəaliyyət haqqında məlumat toplamaqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan ona qarşı daha ağır – casusluq ittihamı da irəli sürülmüşdü.

Fotoda: Daniil Kasatkin
Rusiyaya təhvil verilən 26 yaşlı rusiyalı basketbolçu D. Kasatkin isə ötən ilin iyununda ABŞ-nin sorğusu əsasında Paris hava limanında saxlanılmışdı. Vaşinqton onu Amerika şirkətlərinə və federal qurumlara qarşı fidyə proqramları vasitəsilə hücumlar təşkil edən haker şəbəkəsində iştirakda ittiham edirdi. Mübadilə nəticəsində Kasatkin artıq Moskvaya qayıdıb.

