
“Ukrayna yığmasının Fransa və Azərbaycanla oyununa baxdım.
Həmin matçlarda qalib gəlsəydik, hamı deyəcəkdi ki, düzgün seçilmiş taktikanın nəticəsidir.
Əks nəticə olanda isə hər şey pis görünür, səbəblər axtarılır”.
Sportinfo.az xəbər verir ki, bunu “Metallist 1925”in sabiq baş məşqçisi Edmar Ukrayna millisinin DÇ-2026-nın seçmə mərhələsində Fransa (0:2) və Azərbaycanla (1:1) keçirdiyi ilk iki oyun barədə danışarkən deyib.
Əksəriyyət baş məşqçi Sergey Rebrovu istefaya səsləsə də, həmkarı onu dəstəkləyib:
“Baş məşqçini həmişə dəstəkləyəcəyəm. Hamımız bilirik ki, Rebrov necə uğurlu futbolçu və klub məşqçisi olub. Əsas odur ki, inam və səbir göstərilsin. Futbolda isə heç kim gözləmək istəmir — hər şeyi dərhal tələb edirlər. Amma bu, çox çətindir. Çox şey məşqçilərlə futbolçuların qarşılıqlı anlaşmasından asılıdır”.
Ukraynalı azarkeşlər Azərbaycanla heç-heçəyə görə komandalarının qrupdan çıxmaq şansının qalmadığını düşünür. Ancaq Edmar futbolda sürprizlərin hər zaman baş verdiyini bildirib:
“2014-cü ildə də heç kim dünya çempionatının pley-offuna çıxacağımıza inanmırdı. Moldova ilə heç-heçə etmiş, Monteneqroya uduzmuşduq. Amma sonra İngiltərə ilə heç-heçə istisna olmaqla hamını məğlub etdik və pley-offda Fransaya rəqib olduq. Futbolda hər şey mümkündür. Əsas odur ki, özünə inanasan və dəstəkləyəsən. Tənqid etmək həmişə asandır”.