
V turun maraqlı qarşılaşmalarından biri bölgədə baş tutacaq.
Ötən mövsüm I Liqada rəqib olan “Karvan-Yevlax”la “İmişli” bu dəfə Premyer Liqada üz-üzə gələcək.
Mövsümə fırtına kimi başlayan, cəmi bir oyunda məğlub olan imişlilərdən fərqli, Yevlax təmsilçisi son iki matçı məğlub başa vurub.
Məhz bu məqam oyuna marağı birə-beş artıracaq.
Sportinfo.az-a açıqlama verən Rafael Vieqas qarşıdakı oyunla bağlı danışıb:
“Hər birimiz “İmişli”nin adını uca tutmaq üçün çalışırıq. Və bunun üçün də qələbələrin qazanılması mütləqdir.
Məqsədimiz dəyişməzdir – 3 xal. Rəqib “Karvan-Yevlax” olsun, yaxud başqası – fərq etmir. Əlimizdən gələni edəcəyik ki, meydanı qalib tərk edək”.
Ötən həftə “Sumqayıt”la qarşılaşmada qırmızı vərəqə alaraq vaxtından əvvəl paltardəyişmə otağına yollanan portəgiz müdafiəçi cümə günü meydana çıxa bilməyəcək.
Vaxtilə Portuqaliyada Kevin Medina və Kadi Borgeslə komanda yoldaşı olmuş Vieqas buna görə məyusluğunu gizlətməsə də, özü olmadan da “İmişli”nin uğurlu nəticə qazanacağına inamını dilə gətirib:
“Əlbəttə, buna görə üzgünəm. Hər bir futbolçu komandasına kömək etmək istəyir. Amma nə etməli, qırmızı vərəqə də futbolun bir hissəsidir.
Əminəm ki, mövqeyimdə oynayacaq futbolçu meydanda canını qoyacaq. Çünki ehtiyatda kifayət qədər səviyyəli futbolçularımız var. Mən oynamasam da olar, əsas odur qələbə qazanaq”.
Sentyabrın 19-da Şamaxı şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 16:00-da çalınacaq.
HƏBİB