"Taleh Nəsibov təklif etdi, mən də bu ailənin bir üzvü olmaq istədim"

12 İyul 2022 23:00 Hadisə 887
"Taleh Nəsibov təklif etdi, mən də bu ailənin bir üzvü olmaq istədim"

Xəbər verdiyimiz kimi, Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat gerçəkləşib.

Sərxan İbrahimoğlu mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

O, millinin sabiq müdafiəçisi, hazırda “Zirə”nin formasını geyinən Ruslan Abışovun böyük qardaşı və meneceridir. Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin “İdman Tv” telekanalında redaktor vəzifəsində çalışır.

S.İbrahimoğlu ölkənin tanınan media mənsublarındandır. Böyük nüfuz sahibi və bir çox layihələrin ideya müəllifidir. Personası birmənalı olaraq müsbət qarşılanır.

İbrahimoğlu Slovakiyada keçirilən son Avropa çempionatında iştirak edib. Millimizin qalib olduğu qitə birinciliyinin gedişi barədə mətbuatı davamlı olaraq məlumatlandırıb.

O, aldığı təyinatla bağlı Sportinfo.az-a bunları söyləyib:

“Minifutbol federasiyasının rəhbərliyi ilə uzun illərdir dostluq münasibətimiz var. Demək olar ki federasiya yaranan gündən bütün prosesləri yaxından izləyirdim.

Rəsmi olmasa da, media ilə bağlı bəzi məsələlərdə federasiyaya müəyyən qədər kömək etməyə çalışırdım. Slovakiyaya da komandamızın uğurlarını işıqlandırmaq üçün ezam olunmuşdum.

Düşünürəm ki, millimizin zəfəri ilə yanaşı, mənim də oradakı fəaliyyətim uğurlu alındı. Avropa çempionatından sonra isə federasiya rəhbəri Taleh Nəsibov media xidmətinin rəhbəri olmaq vəzifəsini mənə təklif etdi.

Mən də etimad göstərdiyinə görə ona təşəkkür edib, bu təklifi qəbul etdim. Çünki Slovakiya səfərində federasiyanın peşəkarlığını görməklə yanaşı, bu komandanın möhkəm və çox səmimi ailə olduğunun şahidi oldum.

Ona görə də mən də bu ailənin bir üzvü olmaq istədim. Fürsətdən istifadə edib, çalışdığım Azərbaycan Televiziyasının rəhbərliyinə də yaratdığı şəraitə görə təşəkkür edirəm“.

Digər Xəbərlər
Xəbər Lenti