ŞOK: Sumqayıtın fəxri Sumqayıtda stadiona buraxılmadı

18 Oktyabr 2021 10:40 Hadisə 1 639
ŞOK: Sumqayıtın fəxri Sumqayıtda stadiona buraxılmadı

Dünən Sumqayıtda qələbəlik idi.

Rəqibin “Neftçi” olması yerli azarkeşləri xeyli həvəsləndirmişdi.

Odur ki, sumqayıtlı futbolsevərlər “Kapital Bank Arena”nın yolunu hakimin start fitindən təxminən 1 saat əvəldən tutmağa başlamışdı.

Oyunun başlamasına 10 dəqiqə qalmış nəzərdə tutulan qədər stadiona buraxılandan sonra giriş qapıları futbol izləyicilərinin üzünə bağlandı. Nəticədə, “Sumqayıt”la “Neftçi”nin 500-dən artıq fanatı arenaya daxil ola bilmədi.

Polislərdən rədd cavabı alanlar arasında Kamal Quliyev də olub.

Sumqayıtda doğulub-böyüyən, futbol sirlərini bu şəhərdə öyrənən, sonradan “Neftçi”nin, eləcə də, Azərbaycan millisinin formasını geyinən, “Volın”da legioner həyatı yaşayan sabiq futbolçu.

Hazırda “Keşlə”nin məşqçilər korpusunda yer alan Quliyev stadiona oğlu ilə birgə daxil olmaq istəyib. Kimliyini deyib, futboldakı xidmətlərindən danışıb. Di gəl, tanıyan olmayıb. Sabiq “6 nömrə” pərişan halda ordan uzaqlaşıb.

Xəbəri əldə edən kimi səbəbkarla əlaqə saxlamağı lazım bildik:

“Bəli, doğru məlumatdır. İnanırsız, hələ də özümə gələ bilmirəm. Çox pis təsir etdi mənə. Tək olsaydım, bəlkə də, bu qədər təsir etməzdi. Ama yanımda oğlum, ətrafımda isə məni tanıyanlar vardı.

Polisləri qınamıram, futbolçuları və onların avtobioqrafiyasını bilmək məcburiyyətində deyillər. Bir şeyi bilirəm ki, bu cür hallarda giriş qapılarında klubun əməkdaşı olmalıdır. O da tanımasa belə, kluba zəng vurub, kimdənsə soruşa, maraqlana, icazə ala bilər.

Başa düşürəm, pandemiyadır, şərtlər ağırdır. Məncə, orda klubdan kimsə olsaydı, o boyda stadionda bizə oturmaq üçün iki yer tapılardı. Yer olmasaydı da, ayaq üstə baxardıq”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti