Kimləri qovacaqlar, necə qovacaqlar? Darıxmayın, görəcəksiz!

30 Noyabr 2020 17:00 Gündəm 1 699
Kimləri qovacaqlar, necə qovacaqlar? Darıxmayın, görəcəksiz!

Sezar Meza Kollinin “Sabah”ın qapısına vurduğu qoldan sonra əmin oldum ki, Ruslan Abışovla Bəhlul Mustafazadənin ikisinin birgə qiyməti 5 quruşdur. Amma hər biri minimum 10 min manat məvacib alır.

***
“Keşlə”in baş məşqçisi Yunis Hüseynov çempionatın əvvəlində deyirdi ki, çempionluq uğrunda mübarizə aparacağıq.

Maşallah, “Keşlə” 11 turdan sonra autsayderlər sırasındadır. Adamın yadına Vətən Müharibəsi dövründə trendə çevrilən “Bəs Cəbrayıla yol çəkəcəkdin, Paşinyan?” deyimi düşür.

Yunis Hüseynov indi heyəti dəyişmək haqda düşünür. Niyə?

***
Paşinyandan – yəni ermənidən söz düşmüşkən. Bilirsiz də, bu ermənilərin həyasızlığının analoqu yoxdur. Məsələn, hansısa əcnəbi jurnalist Kəlbəcərdə məskunlaşan ermənidən müsahibə alır. Dığa deyir ki, bura bizim vətəndir, 3 min ildir burda yaşayırıq. Ardınca jurnalist soruşur ki, siz bu evdə neçə ildir yaşayırsınız? Cavab verir ki, 10 il. Və 10 ildir yaşadığı torpağı əzəli vətəni kimi təqdim edir erməni. Həyasızlığın da sərhədi olmalıdır, yoxsa yox... Niyə erməni həyasızlığını xatırladım? Azərbaycan futbolunda da belələri var axı. İdarəetmə sistemində. Adamlar illərdir ki, futbol təsərrüfatına rəhbərlik edirlər. Bunların vaxtında Azərbaycanda futbol “ölü nöqtə”yə düşüb. Amma bu adamlar “bu iş bizlik deyil” demirlər. Əksinə, israrla sübut etməyə çalışırlar ki, elə futbol sahəsi onlar üçündür, onlardan yaxşı kimsə idarə edə bilməz bu sahəni. O ermənilərlə bu azərbaycanlıların nə fərqi?

***
Məsələn, mənim üçün hələ də müəmmadır ki, bu kadrlara iş qəhətdir ki, əl çəkmirlər futbol təsərrüfatından? Azərbaycan futbolunda daha hansı biabırçılıqlar olmalıdır ki, bu adamlar “futbol bizim yemimiz deyil” deyə bilsinlər? Axı 12 il müddətində “feyr pley”lə “pley off”un fərqini ayırd edə bilməyən adamlar niyə AFFA-da olsun ki? Axı bu müddətdə “çox top çiləyən yaxşı futbolçudur” düşüncəsindən çıxa bilməyən kadrlar niyə bütün futbol təsərrüfatına tor hörməlidir ki? Axı Azərbaycan futzalını zəlil günə qoyan birisinə 6 milyon manat da illik vəsait ayırıb hansısa klub niyə etibar edilməlidir?

***
Belə idarəçilər olacağı təqdirdə, 5 quruş qiyməti olmayanların aylıq məvacibi 10 min manat olacaq. Başqa sahəyə ayrılan vəsait futbolda “yuyulacaq”. Yunis Hüseynov çempionatın əvvəlində “çempionluğa oynayacağıq” deyib, qışa doğru isə “heyətdə dəyişikliklər olacaq” deyəcək.
Qarşıdan “qış bazarlığı” gəlir axı. Elə kadrlara belə futbolçular, məşqçilər lazımdır.

Qarşıdan həm də “qovulma günü” gəlir axı, deyəsən? Kimləri qovacaqlar, necə qovacaqlar? Darıxmayın, görəcəksiz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti