Qurban Qurbanovun 40 yaşında verdiyi vədə 52-də BAXIŞ

14 Aprel 09:25 Gündəm 1 151
Qurban Qurbanovun 40 yaşında verdiyi vədə 52-də BAXIŞ

Qurban Qurbanovla ilk dəfə üz-üzə gəlməyimdən 12 il ötür.

Onunla 2012-ci ilin sentyabr ayında - "Qarabağ"ın AZAL-a 2:6 hesabla məğlub olduğu matçdan bir neçə gün sonra görüşmüşdük.

Təcrübəli mütəxəssislə elə sonuncu dəfə də onda bir çay süfrəsini bölüşmüşük.

Mövzu isə onun komandadan gedib-getməyəcəyi idi.

Özü ayrılmaq qərarı vermişdi, amma "Qarabağ" cəbhəsi qalmasında israr edirdi.

Elə yaxşı ki, sonda o da israrçılar sırasına qoşuldu. Və yadımdadır, üzünü masa arxasında əyləşənlərə tutaraq "Söz verirəm, qaldığımız yerdən daha da böyük istək və əzmlə davam edəcəyik" - demişdi.

Dediyi kimi də etdi.

Bəli, onun sonrakı 12 ildə əldə etdiyi çox sayda uğurlar məhz həmin istəyin, əzmin bəhrəsidir.

Mübarizə alovu onu Çempionlar Liqasının qrup mərhələsinə kimi apardı.

Təslim olmamaq ruhunun nə olduğunu arxada qalan illər ərzində nəinki biz, hətta bütün Avropa gördü.

Onun qurub-yaratdığı "Qarabağ"ın ifasında.

Böyük qələbələrlə bütün Azərbaycan xalqını qürürlandıran adamın 52 yaşı tamam olur.

Qurban müəllim, Azərbaycan futbolu ən böyük uğurlarına görə sizin ömrünüzə minnətdardır.

Məncə, bu gün tərəfli-tərəfsiz hər kəs o ömrün bundan sonrakı illərdə daha da bərəkətli olmasını arzulayır.

Axı orada həm də bizim yaralı yerimiz - futbolumuz gizlənir. Sağ ol, sağlam ol ki, "xəstəmizə" qulluq etməyə gücünüz olsun.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti