Uzun illər Azərbaycanda: "Bizimkilər onu çox sevir"

18 May 2020 12:02 Güləş 672
Uzun illər Azərbaycanda: "Bizimkilər onu çox sevir"

Kamandar Məcidov, İlqar Məmmədov, Natiq Bağırov, Ramil Quliyev, Nicat Rəhimov...

Müxtəlif səbəblərdən başqa ölkələrin bayrağı altında çıxış edərək, böyük nailiyyətlər qazanan azərbaycanlıların siyahısını bir az da genişləndirmək olar.

Onların olimpiya, dünya çempionluqlarına "özümüzdən biridir" deyib sevinsək də, etiraf edək ki, üzücü yanı daha qabarıqdır. Ancaq bu da faktdır ki, idmana və idmançıya böyük dəyər verən vətənimiz Azərbaycana gələnlərin sayı, gedənlərdən qat-qat çoxdur.

Götürək güləşi. Söz yox ki, güləş milli idman növümüzdür. Ta qədimdən yurdumuzun müxtəlif bölgələrində şöhrəti sərhədləri aşan, dünya səviyyəli pəhləvanlar yetişib. Nə qədər təzad doğursa da, günümüzdə "idmanımızda milliləşdirmə" dedikdə, ilk olaraq güləş yada düşür.

Yüngül və orta çəkilərdə zaman-zaman nəzərə çarpan proses birmənalı qarşılanmasa da, ağır çəkilərdə ənənənin zəifliyi legionerlərin xidmətindən istifadəni zəruri edib.

İdmansevər, habelə, mehribanlıq, qonaqpərvərlik kimi keyfiyyətləri ilə hər zaman xüsusi vurğulanan xalqımız da, öz növbəsində onların qitə və dünya arenalarındakı uğurlarına sevinib, bir çox məqamlarda yerli məktəbin nümayəndələrindən ayırmayıblar.

"Azərbaycan mənim vətənimdir" deyən Sabah Şəriəti də ölkəmizin qucaq açıb dəyər verdiyi idmançılardandır. Yaxın əyləşin, "Rio 2016" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı haqqında bilinməyənləri bizdən oxuyacaqsınız.

"Klassiklər"in şəhərində sərbəst güləş

Sabah, 1 yanvar 1989-cu ildə İran İslam Respublikasının Sənəndəc şəhərində, tacir Saleh Şəriətinin ailəsində dünyaya göz açıb. Üç qardaşın ortancılı olan Sabahın güləşçi olmaq ehtimalı böyük idi. İranın əksər bölgələrində olduğu kimi, ta qədimdən Kürdüstan ostanının mərkəzində də güləşə həvəs çox olub. Az qala, hər iki uşaqdan biri güləşə yazılmışdı. Ancaq o, güləşlə məşğul olmağa bir qədər gec - 13 yaşında, parta yoldaşından ilhamlanaraq - başlayıb. Dediyinə görə, əvvəllər də bir neçə dəfə həvəsə düşsə də, atası "dərslərini oxu, idmandan sənə xeyir gəlməz" deyərək, icazə verməyib. Üstəlik, Sabah ilk addımlarını klassikdə deyil, sərbəst güləşdə atıb. Bir müddət sərbəstdə davam gətirib, bu arada yeniyetmələr, habelə, gənclər arasında şəhər, İran turnirlərində sözünü deyib. Lakin Sənəndəcdə əksər uşaqlar yunan-Romaya gedirdi, ənənə, nəticələr böyük ölçüdə klassik güləşin payına düşürdü. Bunadək gələn təklifləri geri çevirən Şəriəti, nəhayət, Cəmşid Xeyrəbadinin təsiri ilə qərarını verir. Yunan-Roma millimizin keçmiş baş məşqçisinin başçılığı altında çıxdığı yol, onu 7 il sonra Azərbaycana gətirəcəkdi...

Pərdəarxası oyunlar, boşa gedən illər

Digər böyük güləş ölkələrində olduğu kimi, İranda da milliyə, oradan da beynəlxalq arenaya aparan yol uzun, çoxmərhələlidir. Az vaxtda güləşin təməl elementlərinə yiyələnən, zamanla onları maksimum dəqiqliklə icra etməyi öyrənən Sabah, bu yolu keçib Asiya çempionatında iştirak imkanı qazansa da, son anda pərdəarxası oyunlar sözünü deyir. Süni əngəllər, qohumbazlıq, yerlibazlıq kimi məsələlər onu küsdürür, idmanı tamamilə buraxmaq qərarına gəlir. Üç il güləşdən kənar qalan Sabah, bu müddətdə universitetə qəbul olur, diqqətini təhsilinə yönəldir. Ancaq sirr deyil, peşəkar idman elə bir bağlılıq yaradır ki, sonradan haraya yönəlməyindən, hansı yaşda olmağından asılı olmayaraq, sevgi, yanğı səni rahat buraxmayacaq. Odur ki, Sabah, universitetlərarası respublika yarışlarına qatılır, hazırlıqsız-filansız, ardıcıl iki il qalib olur. Beləcə, o, bir müddət sonra Xeyrəbadinin təkidi ilə yenidən böyük güləşə qayıdır; Özünün çalışdırdığı Azərbaycan millisinin üzvü kimi.

Qazanan biz, itirən onlar: Danışır fakt

Azərbaycan çempionluğu, Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran Pri turnirində, digər beynəlxalq turnirlərdə medallar, tarixdə ilk dəfə komanda hesabında qazandığımız dünya kubokunda pay sahibi və ilk Avropa Oyunlarının gümüş mükafatı.

Bunlar iki il ərzində əldə olunan uğurlardır. Gedişat göstərir ki, hər iki tərəfin seçimi tamamilə düzgündür. Axı, bizim də ağır çəkidə ona qədər qitəmiqyaslı medalımız olmamışdı.

Əsas ilklər isə qarşıda idi. 2015-ci ilin sentyabrında ABŞ-da keçirilən dünya çempionatında yarımfinaladək gələrək, planetin ən böyük yarışına vəsiqə qazanan Şəriəti, klassik güləşin ən ağır çəkisində ilk olimpiyaçımız kimi Azərbaycanın idman tarixinə düşür.

Sabahın ABŞ, Venesuela və Almaniya "klassik"ləri üzərində parlaq qələbələri sayəsində rekord medal səbətimizə daxil olan olimpiya "bürünc"ü isə ümumən, Azərbaycan güləş tarixi üçün birinci idi. O mənada ki, heç bir ağır çəkilimiz zirvə yarışında mükafat sevinci yaşamamışdı.

Habelə, bu, bir xüsusi məqamla da əlamətdardır. Belə ki, güləşdə qızıl-gümüşlü, üst-üstə onlarla olimpiya medalı qazanan İran, bircə dəfə də olsun, klassik güləşin ağır çəkisində fəxri kürsüdə yer almayıb. Bu faktlar kifayətdir ki, əminliklə "itirən onlar, qazanan biz olduq" deyə bilək.

Beləliklə, o, dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, 2015-ci ildə "Tərəqqi", bir il sonra "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olundu.

"Bu yolu bir dəfə getmişəmsə..."

Məlumdur ki, koronavirus pandemiyası səbəbindən idman iflic vəziyyətindədir. O cümlədən güləş üzrə yarışlar, təlim-məşqlər dayandırılıb, yaxın zamanın təqvimi tam boşdur. Şəriəti hazırda doğulduğu şəhərdədir. Hazırlıqlarını gündəlik, fərdi qaydada həyata keçirir. Riodan sonra qatıldığı əhəmiyyətli yarışlardan yalnız ikisində - "Bakı 2017" IV İslamiada və "Minsk 2019" II Avropa Oyunlarında mükafatçılar (hər ikisi bürünc) sırasına düşən Sabah, daha çox Qazaxıstandakı son dünya çempionatını buraxmasına üzülür: "Əla formada idim. Özümü hərtərəfli hazır hiss edirdim. Getsəydim, lisenziya da alardım, medal da. Ancaq eyib etməz, onsuz da lisenziya mənim üçün bir çətinlik törətməməlidir. Təki tezliklə dünya öz axarına qayıtsın, hər şey yaxşı olacaq. Olimpiya medalı da olacaq. Bu yolu bir dəfə keçmişəmsə, deməli, yenə bacararam. Özümə inamım tamdır. Allah eləməmiş, bu olimpiada, ümumiyyətlə ləğv olunarsa, "Paris 2024"də görüşəcəyik".

Uzun illər Azərbaycanda: "Bizimkilər onu çox sevir"

Göründüyü kimi, azı 35 yaşadək güləşmək fikri var. Əslində, klassik güləşdə belə təcrübələr çoxdur. Ağır çəkidə hər iki növ üzrə 30 yaşdan sonra müxtəlif titullar qazanmış onlarla nümunə sadalamaq olar. Özü qədər biz də istərdik ki, karyerası maksimum nəticə ilə yekunlaşsın. Ancaq ya elə, ya da belə, günün birində hər şey bitəcək. Millilərimizdə çıxış etmiş legionerlərin idmandan sonrakı həyatı ilə bağlı təcrübə isə fərqlidir. Əksəriyyəti geri dönərək, ya fərqli sahəyə yönəlib, ya da topladıqları təcrübəni öz ölkələrində tətbiq etməyi məqbul hesab edib. Odur ki, sual doğur:

- Güləş karyerasından sonrakı planın nədir?

-- Azərbaycan millisinin sıralarına qoşulduğum ilk günlərdən özümü yad biri kimi hiss etməmişəm. Əvvəllər Xeyrəbadi, Saman Təhmasibi vardısa, vaxt keçdikcə, yığmanın yerli üzvləri ilə yaxın münasibət qurduq. Ora mənim üçün sadəcə iş, qazanc yeri deyil. Azərbaycan evim, vətənim, Bakı sevdiyim şəhərdir. Bəzən insanlar məni tanıyırlar, yaxınlaşıb şəkil çəkdirmək istəyirlər. İstiliyi ilk dəfə birinci Avropa Oyunlarında hiss etmişdim. Tribunada mənə möhtəşəm dəstək vardı. Deyim ki, finaladək getməyimdə bunun rolu böyük olmuşdu. Gəldiyim ilk vaxtlardan ölkənin tarixinə, mədəniyyətinə maraq göstərmişəm, dilini öyrənmişəm. Gələcəkdə normal iş təklifi olarsa, dəyərləndirərəm. Uzun illər Bakıda yaşamaqda bir problem görmürəm.

- Bəs İranda sənə qarşı münasibət necədir?

- İdman rəsmilərinin münasibəti yaxşı deyil. Zamanla çox qınandım. Bütün qınaqlara da əsaslı cavabım olub, çox şükür, başım aşağı deyil. Ancaq sadə insanlar sevgisini, hörmətini göstərir. Sözün düzü, İranda daha çox tanınıram. Ümumiyyətlə, bizdə güləşçilər daha populyardırlar. Onlar nəinki özlərininkiləri, digər ölkələrin idmançılarını da adbaad tanıyırlar. Məsələn, siz istənilən zala gedib soruşsanız, Rövşən Bayramovu tanıyacaqlar. Bizimkilər onu çox sevir.

İdealı: "Ona görə yox ki, o, olimpiya və dünya çempionudur"

Olimpiya mükafatçımız şəriət qanunlarını rəhbər tutaraq yaşayır, "İdman, mükafatlar, şan-şöhrət öz yerində, insanlıq dəyərləri hər şeydən öndə gəlməlidir" deyir. İdmandakı idealını da həmin prinsipə söykənərək seçib: "Qulamrza Təxti, tək uşaqlığımın deyil, bütün zamanlarımın kumiridir. Ona görə yox ki, o, olimpiya, dünya çempionudur. Nə çox İranda beləsi. O, özündən sonra bir həyat məktəbi qoyub gedib. Təxti, İrandakı idmançıların az qala hamısının idealıdır".

Portret

"Pəhləvan" deyərkən, ağlınıza ilk nə gəlir? Nəhəng fiziki göstəricilərə sahib, güc-qüdrəti ilə şöhrəti ellər dolaşan biri, şübhəsiz ki. Tam da Sabah kimisi. Ancaq bu, onun haqqında təəssüratın ilkin, lap cüzi hissəsidir. O əzəmətli görünüşün arxasında gizlənən mülayim, həssas, uşaqla uşaq, böyüklə böyük xarakteri sezmək isə çətin deyil, əslində.

Sahib Əsədbəyli

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!