"Təslim olmadıq, sona qədər mübarizəmizi apardıq"

9 Aprel 2021 17:00 Futzal 509
"Təslim olmadıq, sona qədər mübarizəmizi apardıq"

“Çətin oyun oldu. Görüşü bizim üçün çətinləşdirən məqamlardan biri səfərə tam heyətlə yollana bilməməyimizdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə keçirilən oyun barədə danışarkən deyib.

Azərbaycan Futzal Federasiyasının rəsmi saytına danışan Fərzəliyev 1:1 hesabı ilə başa çatan Levicedəki görüşə itkilərlə çıxdıqlarını söyləyib:

“Rafael Vilela, Vassura, Bolinya və Hadi Ahmadi ilk matçdan fərqli, bu dəfə bizə kömək edə bilmədilər. Ramiz Çovdarovun da yüngül zədəsi var idi.

Baş məşqçinin tapşırığına uyğun olaraq, üstünlüyü müdafiəni gücləndirməyə vermişdik. Çünki bizə səfər oyunundan ən pis halda heç-heçə ilə ayrılmaq lazım idi.

Buna görə də müdafiədə sabit oynamalı idik. Rəqib topla daha çox oynadı. Fasiləyə də hesabda geri yollandıq. İkinci hissədə də taktikamıza sadiq qaldıq.

Düzdür, topa nəzarət edən slovaklar qapımız qarşısında bir neçə təhlükəli epizod yaratdı. Halbuki ondan istifadə etsəydilər, çətin olacaqdı.

Əks-hücumlar zamanı biz də müəyyən qol epizodları yarada bildik, amma bərabərlik topunu matçın başa çatmasına 30 saniyə qalmış vurduq.

Yəni təslim olmadıq, sona qədər mübarizəmizi apardıq. Məqsəd xal və ya xallar qazanmaq idi. Bu nəticə sayəsində Avropa çempionatının final mərhələsinə qrup lideri kimi yollanacağıq”.

Futzalçı Yunanıstan yığması ilə keçiriləcək son matça da toxunub: “Doğma meydanımızda keçirəcəyimiz görüşü də qələbə ilə başa vurmaq istəyirik. Yəni qələbə ilə başlamışıq, elə qələbə ilə də yekunlaşdırmalıyıq”.

Xəbər Lenti