"Azərbaycan millisini yaxşı tanıyırıq, qazanmaq üçün hər şey edəcəyik"

28 Yanvar 2021 19:40 Futzal 734
"Azərbaycan millisini yaxşı tanıyırıq, qazanmaq üçün hər şey edəcəyik"

"Əhval-ruhiyyə yaxşıdır. Əsas odur ki, normal hazırlıq keçə bildik".

Sportinfo.az xəbər verir ki, bunu Slovakiya millisinin futzalçısı Matuş Kiyovski yerli federasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.

32 yaşlı oyunçu Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektivi yaxşı tanıdıqlarını bildirib: "Bu komanda ilə bir neçə dəfə qarşılaşmışıq. Rəqibə uyğun oyun üslubu seçəcəyik. Məşqlərdə müdafiə və hücumda necə oynamalı olduğumuzu aydınlaşdırmağa çalışırıq".

Heyətdəki itkilərə də toxunan təcrübəli futzalçı qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: "Təəssüf ki, 3 aparıcı oyunçumuz meydana çıxa bilməyəcək.

Buna baxmayaraq, uğur qazanmaq üçün hər şeyi edəcəyik. Bakıda oyun öncəsi daha 2 məşqimiz olacaq. Həmin vaxt bəzi taktiki məsələləri də həll edəcəyik. Ümid edirəm ki, uçuş yaxşı keçəcək".

Yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 18:00-da başlayacaq. Rəqib Bakıya yanvarın 28-də çarter reysi ilə gələcək.

Xəbər Lenti