AFFA-nın isti gündəliyi - Premyer Liqada klub sayının artırılması, limit və daha nələr…

11 May 2024 11:20 Gündəm 2 750
AFFA-nın isti gündəliyi - Premyer Liqada klub sayının artırılması, limit və daha nələr…

Mayın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Saat 15:00-da başlanacaq toplantının gündəliyinə bir neçə məsələ daxil edilib.

Bunlar AFFA-nın inkişafı strategiyasının müzakirəsi, inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması, Azərbaycan Premyer Liqasında komanda sayının artırılması və 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limiti nin, həmçinin 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi məsələləridir.

Belə deyək, federasiya rəhbərliyinin gündəliyi zəngindir.

Başlayaq AFFA-nın inkişafı strategiyasının müzakirəsi, inkişaf hədəflərinin müəyyən olunması və strategiyanın yazılmasından.

Bu mövzü birbaşa Rövşən Nəcəfin diqqət mərkəzindədir. Aprelin 2-də qurumun prezidenti seçilən SOCAR-ın başçısı elə həmin gün müvafiq göstəriş verib.

40 günə yaxındır ki, AFFA-nın idarəetmə aparatı sırf bu istiqamətdə baş sındırır, layihə üzərində işləyir. Proje artıq hazırdır və yeni rəhbərə təqdim olunub. Buradakı fikirlər əsasən növbəti 4 ilə aiddir.

Azərbaycan Premyer Liqasında komanda sayının artırılması

Sizə elə gəlməsin ki, iştirakçı sayı mütləq artırılacaq. Bu, hələlik açıq qalan məsələdir.

Elita mənsublarının sıraları 10-dan 12-yə çatdırıla və yaxud əksinə, olduğu kimi saxlanıla bilər. Obyektiv və subyektiv səəblər var, onların hər birinin üzərində dayanmaq və geniş müzakirə etmək lazımdır.

İş təkcə əlavə maliyyə vəsaitinin tapılması, yeni sponsorların bu sahəyə cəlb olunması ilə məhdudlaşmır. Yerlərdə infrastrukla əlaqəli ciddi problemlər də mövcuddur.

AFFA Premyer Liqanın xəritələrini genişləndirmək istəsə, gərək bunu region klublarını sayəsində etsin. Rayonlarda isə elita meyarlarına bab gələn stadion və bazalar yox səviyyəsindədir.

Böyük ehtimalla, Premyer Liqanın növbəti mövsümündə say artımını görməyəcəyik. Bu məsələ ən azı 1 il müddətinə ertələnəcək.

2024/2025 mövsümündə tətbiq olunacaq legioner limiti

Limitlə bağlı müzakirələr Premyer Liqa klublarındə fikir ayrlığı yaradıb. İştirakçıların bir qismi «7+4»ün saxlanılmasını istəyir.

Misalçün, «Qarabağ». Ağdamlıların baş məşqçisi Qurban Qurbanov legioner limitinin olduğu kimi saxlanılmasına tərəfdardır.

Onun fikri artıq AFFA-nın yeni rəhbərliyinin diqqətinə çatdırılıb. Qurbanov hesab edir ki, limitin 8+3-ə dəyişməsi Premyer Liqanın səviyyəsini artırmayacaq.

“Şöhrət” ordenli çalışdırıcı bu qənaətdədir ki, çempionatın inkişafı iştirakçı sayının artırılmasından və onlara ayrılacaq büdcədən asılıdır.

Onunla razılaşmayanlar da var. «Sabah», «Neftçi» və «Səbail» limitin «8+3»ə dəyişdirilməsinə çalışır. Bu qrupun fikrincə, əcnəbi futbolçulara qoyulan məhdudiyyət bir qədər də yumşaldılsa, yerli bazarda süni qiymət artımının qarşısı alınacaq.

2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi

AFFA-da daxili audit başlayıb. Bu, federasiyanın yeni prezidenti Rövşən Nəcəfin göstərişidir.

Patron AFFA-nın maliyyə hesabatı ilə dərindən tanış olmaq niyyətindədir. Yoxlama yalnız son 1-2 ili əhatə etmir. Nəcəf daha əvvəlki illərə aid xərc və gəlirləri öyrənmək fikrindədir.

O, bununla bağlı ətraflı raport hazırlanmasını istəyib. Hesabat qarşıdakı 10-15 gün ərzində onun masasının üstündə olmalıdır.

Çünki həmin müddətdə AFFA İcraiyyə Komitəsinin yeni tərkibinin ikinci geniş toplantısı keçiriləcək.

Rövşən Nəcəfin son qərarının məqsədi başadüşüləndir - federasiyanı tam 0 vəziyyətində təhvil almaq, ona kimi olmuş borcun yükünü daşımamaq.

AFFA-nın kimdən alacağı, kimə verəcəyi var, bunu dəqiqləşdirməyi özünə hədəf seçib.

Cari ilə aid büdcənin müzakirəsi məhz bundan ötrü ona gərəklidir. Prezident bilmək istəyir ki, qarşıdakı 7 ayda vəsait artımına ehtiyac duyulacaq, ya yox.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti