“Olimpiadaya lisenziya sayı ilə bağlı maksimum və minimum hədəfimiz var”.
Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq Azərbaycan idmançılarının sayı ilə bağlı proqnoz verərkən deyib.
Nazir bildirib ki, hər bir federasiya ilə bu baxımdan çalışarkən özlərində müəyyən say formalaşır.
O, Azərbaycanda təşkil olunacaq lisenziya xarakterli yarışların idmançılar üçün yaxşı fürsət olacağını düşünür:
“Azərbaycanda müxtəlif beynəlxalq yarışlar keçirilir. Bunlardan bir neçəsi lisenziya xarakterli olacaq. İdmançılarımız da ev amilindən yararlanaraq, olimpiadaya daha çox lisenziya əldə etmək üçün çalışmalıdırlar.
Təbii ki, onlar digər ölkələrdə keçiriləcək yarışlara da hazırlaşırlar. Düşünürəm ki, bu il bizim üçün uğurlu olacaq.
Bu il lisenziya qazana bilməyən idmançılarımız isə növbəti ildə belə bir şans əldə edəcəklər”.
Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan hələlik yeganə idmançısı Ruslan Lunyovdur. O, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada buna nail olub.

