“Qarabağ” Çempionlar Liqasında qazandığı növbəti zəfərlə gecəyə damğa vurdu.
Cari mövsümdə Liqa mərhələsində “Benfika” ilə “Kopenhagen”i məğlub edən “köhlən atlar” bu dəfə “Ayntraxt”ı xalsız yola saldı – 3:2.
Həm də necə?
Hesabda 1:2 geridə olmasına baxmayaraq, möhtəşəm geridönüşlə - öncə 2-ci qolu rəqib qapısından keçirib, hakimin final fitinə saniyələr qalmış qələbə topunu vurmaqla.
Azərbaycan çempionunun sərgilədiyi oyun, göstərdiyi əzmkarlıq və inadkarlıq Almaniyada ciddi marağa səbəb olub.
“Ayntraxt” azarkeşləri klubun “instagram” hesabındakı məğlubiyyət paylaşımına müxtəlif rəylər yazıb ki, şərhlərin arasında “Qarabağ”ı tərifləyən almanların sayı heç də az deyil.
Buyurun, siz də oxuyun.
“Bravo, “Qarabağ”! Qələbəni zəhmətinizlə haqq etdiniz. Növbəti oyunlarda sizə uğurlar arzulayıram”.
“Qarabağ” son saniyəyə qədər döyüşüb istəyinə çatdı. Bu komandada əsl döyüşçü ruhu var, sanki müharibə idi, qələbə qazandılar”.
“Bakıda üzümüzə günəş doğacağına ümid edirdim. Başımıza yağış yağdırdılar”.
“Türkiyəli fanatlar burada nə demək istəyir? “Qalatasaray”ınıza 5 qol vurmuşduq. Bəli, “Qarabağ”a uduzduq. Çünki qələbəni haqq etdilər”.
“Oyunu uduzdunuz. Heç olmasa, idman mübarizəsinin nə olduğunu öyrənə bildiniz? Rəqib komanda qələbəni artıqlaması ilə haqq etdi”.
“Qarabağ” qələbəni bizdən daha çox istədiyi üçün arzusuna çatdı. Təəssüf ki, bərbad meydanda futbol adına nəsə etmək mümkün deyildi. Ancaq ələ düşən imkanları dəyərləndirmək lazım idi”.
“Hər ötən gün daha da pisə gedirik. “Qarabağ”ın futbolçularının gözlərindəki alovu gördünüz? Qalib gəlmək üçün hər şeylərindən keçməyə hazır idi. Futbolda qələbə ruhu çox önəmlidir”.
“Qarabağ” Liqa mərhələsinin sonuncu turunda yanvarın 28-də “Liverpul”un qonağı olacaq.
HƏBİB / SPORTİNFO.AZ

