Çempionlar Liqasında Liqa mərhələsinin 7-ci turuna yekun vurulub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda "Ayntraxt"la qarşılaşıb.
Ağdam təmsilçisi Almaniya klubuna 3:2 hesabı ilə qalib gələrək bu mərhələdə 3-cü qələbəsini qazanıb.
Aktivində 3 qələbə və 1 heç-heçə olan Qurban Qurbanovun komandası hazırda sıralamada 10 xalla 18-cidir.
"Qarabağ" Liqa mərhələsinin son görüşündə "Liverpul"la (İngiltərə) qarşılaşacaq. Ağdam təmsilçisi son oyundan əvvəl pley-offa yüksəlmək üçün yaxşı şans qazanıb.
ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.






