
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
Dil öz daxili qanunları əsasında inkişaf etsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.
Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndi. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olub, onun taleyini yaşayıb, üzləşdiyi problemlərlə qarşılaşıb.
O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirib. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdi, ölməzdi, böyük gələcəyə malikdi.
Ona görə də xalqımıza ulu babalardan miras qalan ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidi. Bu, onun müqəddəs vətəndaşlıq borcudu.
Ancaq gəlin görən ölkəmizdə dilimiz qorunurmu, ona hörmət hansı səviyyədədi? Başqa sahələrə toxunmadan futbola diqqət yetirək. Bu gün AFFA-nın bayrağı altında keçirilən müxtəlif liqalarda fərqli adlar altında onlarla komanda çıxış edir.
Onların arasında elələri var ki, adam həmin komandanın adının hansı məna daşıdığını başa düşmür. Məsələn, Şimal və Paytaxt regionunda mübarizə aparan “Haralar” komandası.
“Haralar” nə deməkdi, klub rəhbərliyi ad seçərkən nəyə əsaslanıb? Bəlkə şeir yazırmışılar, ya da restoran adı düşünürmüşlər. Və ya komandalara qoyulan əcnəbi adlara diqqət yetirək.
“Baku Sportinq”, “Stars United”, “Leon”, “Aquatic”, EFA, “Fireland Football Club”, “Dortmund Bakı” və s. Görəsən, komandaya əcnəbi ad qoymaqla həmin klubun təsisçiləri nəyə nail olmaq istəyiblər? Onların bu qərarının arxasında nə durur?
Bəlkə Məmməd adlı azərbaycanlı uşaq “Fireland Football Club” adlı komandada oynamaqla şərti adı “Qaçaq Nəbi” olan kollektivdə çıxış edən həmyaşıdından bir baş üstün olur, ona xüsusi imtiyazlar verilir, biz bilmirik?
Təəssüf ki, həmin Məmmədlə “Qaçaq Nəbi”də top qovan Əli arasında heç bir fərq yoxdu. Hər ikisi eyni şərtlər altında məşq edir, yarışlara qatılır. Sadəcə, birinin sinəsindəki loqo ingilis dilində yazılıb, o birisində Azərbaycan dilində. “Dortmund Bakı” nə deməkdi? Bunu bizə başa salan olsaydı, çox sevinərdik.
Komandanın sponsorları almanlar olsaydı, düşünərdik ki, “Dortmund”a olan sevgi onları Azərbaycanda da tərk etməyib və bunun da nəticəsi kimi paytaxtda “Dortmund Bakı” yaranıb.
Kiçik yaşlı azərbaycanlı uşaqların bütün xərclərini onlar öz üzərinə götürüblər, buna görə də ada görə klub rəhbərlərini qınamaq düz çıxmaz. Tarixdə bir ölkədən başqa bir ölkəyə yollanan xalqların, insanların məskunlaşdıqları yerdə öz əski məkanlarının adı ilə komanda yaratdığının dəfərlərlə şahidi olmuşuq.
Ancaq “Dortmund Bakı”nın azərbaycanlılar tərəfindən təsis olunduğunu bilirik. Belə olan halda nəyə görə həmin azərbaycanlı kollektivə bizim adlardan birini qoymur?
Çox düşünsək də, qeyd etdiyimiz məsələyə bir “don geydirə” bilmədik. Və belə qənaətə gəldik ki, bütün bunlar kimlərinsə valideynlərdən pul qoparmaq üçün qurduğu tələdi. Yəni həmin şəxs və ya şəxslər azərbaycanlı psixologiyasına yaxşı bələddilər.
Bilirlər ki, komandaya məsələn, “Çıraqqala” adı qoyub məşq keçmək üçün valideyndən ayda 20 manat ala biləcəksə, komandanın adı “Aquatic” olacağı halda, həmin məbləğ iki-üç dəfə artacaq.
Bizim xalq reklamı çox sevir, şan-şöhrətə meyillidi. Mənasını başa düşmədiyi halda mütləq istəyəcək ki, oğlu hansısa “Çıraqqala”da yox, məhz “Aquatic”də oynasın.
Və buna görə hər ay 50-100 manatından keçməyə hazırdı. Daha həmin valideyn başa düşmür ki, ad əcnəbi olsa da, məşqçi azərbaycanlıdı və o da uşağa öz səviyyəsindən artıq heç nə öyrədə bilməyəcək.
Daha bir diqqəti çəkən məqam isə Azərbaycan adlarının əcnəbi dildə yazılmasıdı. Məsələn, “Nakhchione” kimi. Hamı bilir ki, bu komandanın adı “Naxçıvan”dı. Azərbaycanın qədim və tarixi bölgəsinin adından götürülüb. Ancaq nədənsə klub rəhbərliyi azyaşlıların çıxış etdiyi kollektivin adını bizim dildə yox, əcnəbi dildə yazdırıb və AFFA-nın protokollarında, təqvimdə, turnir cədvəlində də belə qeyd olunur. Buna nə ad verəsən? Niyə öz sözümüz xarici dildə yazılmalıdı? Bəlkə rəsmilər elə düşünür ki, formanın arxasına və ya ön hissəsinə “Nakhchione” yazmaqla azərbaycanlı uşaqlar almanlar kimi düşünəcək, məşqlərə alman dəqiqliyi ilə məşqlərə yanaşacaqlar?
Aşağı yaş qrupu üzrə liqalarda əcnəbi adlar daşıyan komandalar yetərincədi. Özü də çox maraqlıdı ki, onların, demək olar, hamısı paytaxt regionunda çıxış edir. Bölgələrdə belə hala rast gəlmək mümükün deyil. Bu tendensiyanın belə geniş yayılmasında isə, heç şübhəsiz, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin, klubu qeydiyyata alan Ədliyyə Nazirliyinin müvafiq şöbəsinin, Gənclər və İdman Nazirliyinin də günahı az deyil. Onlar vaxtında belə xoşagəlməz ənənənin qarşısını alsaydılar, bu gün liqalarda “Baku Sportinq”, “Stars United”, “Leon” əvəzinə “Bəzz qalası”, “Çənlibel”, “Koroğlu” adı altında çıxış edən komandalar görərdik.
Məsələ ilə bağlı AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəhbəri Yusif Vəliyevlə danışmaq istədik. Təəssüf ki, Yusif bəy zənglərimizə cavab vermədi. Amma bu mövzuya bir daha qayıdacağıq (Futbol+).