"Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsində iştirakına görə Premyer Liqanın digər 11 klubunun büdcəsinə 1.6 milyon manat vəsait daxil olacaq.
Yaxşı olardı ki, bütün klublarımız bu məbləği uşaq futbolunun inkişafına sərf etsin.
Amma dövlət dotasiyasından akademiyalar üçün nəzərdə tutulan 500 min manatı əsas komandaya cəlb edilən əcnəbilər üçün xərcləyən klublarımızdan bunu gözləmək sadəlövhlük olar.
Belədə UEFA-dan gələcək 1.6 milyon manatın uşaq futboluna ayrılacağın nə biz inanaq, nə də klublar bizi inandırmağa cəhd etsin.
Adını akademiya qoyub, fərqli yerlərə xərcləməyin min bir yolu var.
Amma klublar dürüst olduğunu göstərmək istəyirsə, həmin pulu infrastruktura yatırsın.
Bu elə sahədir ki, onu gizlətmək mümkün deyil.
Məsələn, "Şamaxı" komandası rahatlıqla həmin pula işıqlandırma problemini həll edə bilər.
Süni örtüklü meydanı təbii örtüklə dəyişdirilməsi də mümkündür.
Yeni mövsüm Şamaxıya səfər edən hər kəs görər ki, həqiqətən pul yararlı bir yerə xərclənib.
Gözümüzün önündə işıq dirəkləri, xalça meydan xoş mənzərə yaradar.
Oyunlar yayın cırhacırında günorta saatlarında deyil, axşam saatlarında təbii örtükdə oynanılar.
"İmişli"nin prezidenti Kamran Eyyubov "Sportinfo TV"yə müsahibəsində yeni stadion tikəcəklərini açıqlamışdı. Buyurub, təməlini elə həmin pulla töksünlər.
"Karvan-Yevlax"la bağlı əlavə nəsə deməyə ehtiyac yoxdur. Çünki bu klubda akademiya və infrastrukturla bağlı pis-yaxşı işlər görülür. Bircə işıqlandırma məsələsini də tezləşdirsələr yaxşı olar. İsti aylarda, günorta saatlarında Yevlaxda futbol oynamağın nə olduğunu izah etməyə ehtiyac yoxdur.
"Araz Naxçıvan" üçün nəzərdə tutulan pul birbaşa Naxçıvandakı hesaba yatırılsın. Ki, uzun illərdi yararsız gündə olan Naxçıvan şəhər stadionu Premyer Liqa tələblərini qarşılayacaq hala gətirilsin. Daha bəsdi klubun Mərdəkana sığındığı.
"Sumqayıt"ın normal infrastrukturu, akademiyası var. Həmin akademiyada biliklərini artırmağa ehtiyacı olan məşqçilər də çoxdur. 1.6 milyon manatla həmin məşqçilərin ölkə xaricində təcrübə keçməsi üçün çox sayda səfərlər təşkil etmək olar.
Elə mövsümün sonu Gəncə şəhər stadionuna qayıdacaq "Kəpəz" də həmçinin...
XANOĞLAN İMANOV

