Nəriman Axundzadə ABŞ-a gedir, Bəhlul Mustafazadəyə Çindən dəvət gəlir.
Bəs "Qarabağ"ın uğurlarında əməyi olan bu cür yerli oyunçulara niyə Avropadan yaxşı təklif gəlmir?
Bu sual çoxunu düşündürür. Son dövrlər geniş müzakirələrə yol açır.
Mən isə illərdi bunun davasını döyürəm ki, AFFA və klublar tərəfindən verilən uğursuz qərarlarla yerli futbolçu nəslinə qarşı soyqrım törədilib, kökü kəsilib.
Bizim dünənimizdə Nazim Süleymanov, Vəli Qasımov, Rəşad Sadıqov, Mahir Şükürov, Vaqif Cavadov, Samir Əliyev, Fərrux İsmayılov, Tərlan Əhmədov, Qurban Qurbanov kimi oyunçular olub. Siyahını ən azı 3-4 dəfə daha çox uzada bilərəm.
Bəs bu gün onlardan niyə yoxumuzdu?
Bəli, futbol ölkəsi deyilik.
Braziliyalı və afrikalı qədər futbol ənənəmiz də yoxdur.
Amma yuxarıdakı adlar göstərir ki, dibdə də deyilik. Zamanında kifayət qədər normal oyunçularımız olub.
Yenə də yetişdirə bilərik.
Əgər normal iş qurulsa, düzgün qərarlar olsa yaxşı oyunçular da çıxacaq.
Təəssüf ki, hələ də ayılmırıq, haradan başlamalı olduğumuzu dəqiq bilmirik.
Qısası problem dərindir. Ora enmək, sıfırdan işə başlamaq lazımdır.
XANOĞLAN / SPORTİNFO.AZ

