"Başda "Qarabağ" olmaqla ölkə futbolunda görülən bütün işlər natamamdır"

25 Yanvar 22:55 Azərbaycan Futbolu 250
"Başda "Qarabağ" olmaqla ölkə futbolunda görülən bütün işlər natamamdır"

Legioner limitinin ləğvindən sonra yerli oyunçuların inkişafına inananlar heç də az deyildi. Düzdür, mən bu qərarın hər zaman əleyhinə olmuşam. Amma bir məsələni də dəqiq bilmək lazımdır ki, nə limitin olması, nə də ləğvi yerli futbolçunu yetişdirən mexanizm deyil. Yaxşı futbolçu sistemlə, planla və ən əsası düzgün təməllə formalaşır.

Qısası, problemin kökü legioner limitində yox, uşaq futbolundadır. Limit ləğv olundu, ya limit tətbiq edildi – bunlar müvəqqəti və süni addımlardır. Əgər ortada normal akademiya yoxdursa, uşaq futboluna ciddi yanaşılmırsa, nəticə də olmayacaq. Biz illərdir həm bundan danışırıq, amma iş görməli olanlar üzərindən sükutla keçir.

Uşaq futbolunda isə əsas problem yaxşı məşqçilərin azlığıdır. Nə klublar, nə də AFFA uşaqlara futbolun sirlərini öyrətməli olan məşqçilərin inkişafı üçün heç bir addım atmır.

Məsələn, Avropaya təcrübə keçmək üçün səfərlər təşkil etmək olar. Ən azı qonşu ölkələrdə olan futbol akademiyaları ilə bu istiqamətdə əməkdaşlıqlar yaratmaq olar. Təəsüüf ki, çox kiçik istisnalar xaric biz bunları görmürük.

Paradoks ondadır ki, yaxşı məşqçi qıtlığı yaşandığı halda, bəzi bacarıqlı və potensiallı mütəxəssislər də kənarda qalır. Sistem onları ya görmür, ya da bilərəkdən görmək istəmir. Nəticədə uşaq futbolu təsadüfi adamların ümidinə buraxılır.

Uşaq futbolunda əksəriyyətin çox yaxından tanıdığı Vasif Haqverdiyev artıq 6 ildir ki, çalışmır. Halbuki zamanında “Səbail”, “Sabah” kimi klubların akademiyalarında məhsuldar işlər görüb, keyfiyyətli yetirmələr yetişdirib. Onun əlindən çıxan futbolçular aşağı yaş qruplarından milli komandaya qədər yüksəlib. Bu faktlar ortada olduğu halda, belə bir məşqçinin kənarda qalması hansı məntiqlə izah oluna bilər? Nəsə demək çox çətindir.

Vasif Haqverdiyevin işi kağız üzərində yox, meydanda nəticə verib.

Amma bütün bunlara baxmayaraq, bu gün belə bir mütəxəssis meydandan kənardadır. Uşaq futbolunda kadr çatışmazlığından danışıldığı bir vaxtda, illərlə bu sahədə təcrübə toplamış, özünü sübut etmiş məşqçinin işsiz qalması absurddur.

Daha acınacaqlısı isə odur ki, belə mütəxəssislər kənarda qaldıqca, onların yerini ya təsadüfi adamlar tutur, ya da uşaq futboluna peşəkar yanaşması olmayan şəxslər gətirilir. Nəticədə isə itirən futbolçular, klublar və bütövlükdə Azərbaycan futbolu olur.

Əgər doğrudan da yaxşı oyunçu inkişaf etdirmək niyyətimiz varsa, ilk növbədə belə mütəxəssislərə dəyər verməliyik. Təcrübəsi, nəticəsi və yanaşması olan məşqçilər kənarda qalmamalıdır. Əks halda, uşaq futbolundan danışmaq sadəcə söz olaraq qalacaq.

Hər kəs anlamalıdır ki, uşaq futbolunda çalışan məşqçilərin seçiminə ciddi yanaşmalıyıq. Tanışlıqla, münasibətlə yox, biliklə, nəticə ilə, ədalətli yanaşma ilə seçim edilməlidir. Yoxsa hər il legioner limitini müzakirə edib, problemin kökünə toxunmadan yenə eyni nöqtəyə qayıdacağıq.

Digər bir nümunə Ruhin Əliyevi qeyd edə bilərik. Təməl qrupunda ölkədə bacarığı ilə seçilən iki məşqçidən biri, bəlkə də birincisi olub. 5-6 yaşlı uşaqlara öz övladları kimi yanaşırdı. Çox aşağı maaş müqabilində ortaya böyük motivasiya qoyurdu. Lakin haqq etdiyi dəyəri almayınca bir neçə il əvvəl sevdiyi sahədən tamamilə uzaqlaşaraq uzaq ABŞ-a getməyi seçdi.

Hazırda Okeanın o tərəfində fərqli sahədə çalışan bacarıqlı gənc mütəxəssis Sportinfo.az-a açıqlamasında vəziyyətin acınacaqlı olmasını dilə gətirib:

"Azərbaycan futbolu Premyer Liqası, çətinliklə ayaqda qalan Birinci Liqası ilə ayaqda qalmağa, yaşamağa çalışır. Təəssüflər olsun ki, Azərbaycanda hələ də klub anlayışı formalaşmayıb. Klub olmaq üçün uşaq futbolu, ənənələri olmalıdır. Ənənə, fəlsəfə həmin akademiyada uşaqlara öyrədilməlidir. Bizdə o yoxdur. Uzun-uzadı danışıb Avropadakı nümunələri çəkməyə ehtiyac yoxdur. Hamı bunu gözəl bilir. Bizdə o klublardan biri belə yoxdur ki, əsas komandası Avropada uğurlar qazansın, eyni zamanda akademiyası uğurlu olsun, futbolçular yetişdirsin. Ona görə də bizdə futbol adına görülən bütün işlər natamamdır. Başda "Qarabağ" olmaqla. Qurban Qurbanov fəxrimizdir, qürurumuzdur, uğurlarına sevinirik. Ancaq "Qarabağ"ın uğurları da ölkəmizdə futbol var anlamına gəlmir.
Azərbaycanda məşqçilər yetişmir. Bunun üçün ənənə olmalıdır. Akademiyalarda yetişən uşaqlar gələcəkdə həmin akademiyalarda çalışmalıdır. Bu təcrübəni yaşamayan, savadı olmayan sabah yaxşı uşaq məşqçisi ola bilməz. Bizdə AFFA-da məşqçilərə kateqoriya verilir. Amma uşaqlara yanaşma öyrədilmir. Uşaqlarla işləmək tam başqa sahədir. Bunun pedaqoji xüsusiyyətləri yüksək olmalıdır, uşaq psixologiyasını mükəmməl bilməlisən. Öz üzərində daim işləməli, axtarmalısan. Yaxşı olar ki, 1-2 xarici dil biliyin olsun. Müxtəlif xarici mənbələrdən istifadə edə biləsən.

Bu gün bizdə uşaq futbolunda çalışan məşqçilər ənənə görmədiyinə, AFFA-da lazım olan dərsləri almadığına görə uşaq futbolunun sirlərini bilmirlər. Elə bu şəkildə də fəaliyyət göstərirlər".

Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Bu gün tanıdığımız Vasif Haqverdiyevin, Ruhin Əliyevin adlarını qeyd etdik.

Əminəm ki, geniş araşadırma aparmalı olsaq, görərik ki, onlar kimi onlarla potensiallı məşqçi də futboldan uzaq düşüb.

Belə olan halda isə yaxşı yerli oyunçunun yetişməsinə nə limit kömək edəcək, nə də boş ümidlər. Azərbaycan futbolunun inkişafı uşaq futbolundan, akademiyalardan və orada çalışmalı olan peşəkar məşqçilərdən keçir. Bunu nə qədər tez qəbul etsək, bir o qədər tez irəli gedə bilərik.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!
25 Yanvar 01:00 "Neftçi"dən 100-cü...