Görünən odur ki, Azərbaycan futbolu yaxın gələcəkdə düzələnə oxşamır.
Olan-qalan ümidlərim də Premyer Liqanın 17-ci turu çərçivəsində ezam olunduğum "İmişli" - "Araz-Naxçıvan" matçında dəfn olundu.
"İmişli"nin tribunada 5 nəfərlik olsun belə azarkeş qrupu yox idi. İmişli şəhər stadionundan qaçaq düşmək bir ayıb, gedib Şimala qədər uzaq düşmək ondan betər ayıb.
Bu qədər məsafəni hansısa "İmişli" azarkeşinin gəlməsi reallıqdan uzaqdır. Görünür, klub da ən azı rəsmi azarkeş qrupunun gəlməsini təşkil etməkdə maraqlı deyil.
Azarkeşlərin yoxluğunun yaratdığı səssizlik fonunda, diktorun da aparaturası işləmirdi. Meydana girən-çıxan heç kimə aydın deyildi. Qolu vuranın kimliyini yalnız gözü iti olanlar oyunçuları seçə bilərdi.
Ən yaxşı halda nəticələrin yeniləndiyi onlayn saytlardan baxa bilərdin.
Təqdim edilən internetin yararsız olması, həmin imkanları da məhdudlaşdırmışdı.
Meydançanın durumundan danışmağa isə dəyməz. Futbol oynamaqdan başqa bütün işlər üçün yararlı saymaq olardı.
Əsas odur ki, əyalət təmsilçisi pul tapıb meydana 9 legionerlə çıxa bilmişdi. Biri də ehtiyatdan oyuna qoşuldu.
Artıq 4-cü mövsümdür futbolumuza dövlət dotasiyası ayrılır. Ən ümdə məqsəd futbolçu yetişdirmək, futbolumuzun problemlərini həll etməkdir.
Təəssüflə deməliyəm ki, dövlətin ayırdığı milyonlar istiqaməti üzrə xərclənmir. Böyük ölçüdə gəlmələrin yolunda israf edilir.
Hətta ev oyunlarının təşkili üçün zəruri olan xırda məsələlər belə həll edilmirsə, başqa nədən danışa bilərik?
Belədə haqlı sual yaranır - Dövlət bu pulu niyə ayırmalıdır?
Yaxın gələcəkdə dəstək kəsilsə, heç təəccüblənməyin. Başverənləri dövlət də yaxşı görür. Səbr etmək isə bir yerə qədər ...
XANOĞLAN / SPORTİNFO.AZ

