İddialı klublarda bəzən istedadlı yerlilər daha çox ehtiyatda qalır.
Legioner limitinin ləğvindən sonra bu məsələ daha çox müzakirə olunur.
Ki, həmin oyunçular daha çox oynamaq şansı almaq üçün ortabab və ya autsayder klublara keçsələr yaxşı olar.
Ağlabatan təklifdir. Sadəcə bəzən elə görüntü yaradılır ki, sanki belələrinin sayı çoxluq təşkil edir.
Bəs reallıq necədir?
Bu söhbətlərdə daha çox adı keçən klublarımız "Neftçi", "Qarabağ" və "Sabah"dır.
Qış çempionunda çıxış edən yeganə gənc Xəyal Əliyevdir. Ondan başqa xüsusi qeyd edəcəyimiz ad yoxdur. Millimizin üzvü arxada qalan 16 turda 14 dəfə meydana çıxıb. Kifayət qədər normal göstəricidir.
"Neftçi"nin ehtiyat skamiyasında yer alan iki sima - Murad Məmmədov və Ağadadaş Salyanski də istedadı ilə seçilən gənclərimizdəndir.
Məmmədov qışa qədər 6 oyunda, Ağadadaş Salyanski isə 9 görüşdə meydanda olub.
"Qarabağ"ın 18 yaşlı yetirməsi Hikmət Cəbrayılzadə də ön planda olan adlardandır.
Dayaq yarımmüdafiəçisinə 3 Premyer Liqa görüşündə meydanda olub.
Düzdü, Xəyal və Ağadadaş xaric digərləri çox da oynamaq şansı almır.
Amma burada daha çox diqqət çəkməli məqam onların sayıdır.
Söhbət 3 iddialı klubda cəm olan vur-tut 4 gəncdən gedir.
Guya onlar gedib "Şamaxı"da, "İmişli"də parlasa yaramız sağalacaq?
Dərdimiz daha dərindir, bəylər.
Adlarını çəkdiyimiz 4 gəncin üzərindən manipulyasiya edib, sanki böyük gələcək vəd edən, amma böyük klublarda karyerasını məhv edən onlarla gənclərimiz varmış kimi görüntü yaratmayın.
Lütfən...
XANOĞLAN / SPORTİNFO.AZ

