“Nə qədər ki AFFA Elxan Məmmədovun adamlarından təmizlənməyib…”

“Nə qədər ki AFFA Elxan Məmmədovun adamlarından təmizlənməyib…”

2025-ci ilin son gününü yaşayırıq.

Geridə qoymaqda olduğumuz il Azərbaycan futbolunda da bir sıra yaddaqalan hadisələrlə əlamətdar oldu.

Komanda.az bununla bağlı “Sportinfo”nun təsisçisi İlkin Vaqifoğlunun fikrini öyrənib:

“2025-ci ili Azərbaycan futbolu üçün belə desək, nə ciddi uğurlu, nə də ciddi uğursuz saymaq olar.

Yəni, ötən illərdə olduğu kimi, “Qarabağ” yenə də avrokuboklarda uğurlu çıxış edir, tarixində ikinci dəfə Çempionlar Liqasına vəsiqə qazandı.

“Qarabağ” Çempionlar Liqasına vəsiqə qazanmasaydı, bu ili də tamamilə uğursuz bir il kimi xatırlamalı olacaqdıq. “Qarabağ” rəhbərliyinə, baş məşqçisi Qurban Quranova və klubun hər bir üzvünə “çox sağ ol” deməliyik ki, Azərbaycanın üzünü Avropada ağartdılar.

“Qarabağ” bundan sonra pley-offa vəsiqə qazansa da, qazanmasa da, istənilən halda, klubun Avropada builki çıxışını “zəfər” adlandırmaq olar.

Təəssüfləndirici məqam digər klublarımızın avrokuboklarda qeyri-sabit çıxışıdır. “Sabah”la “Araz-Naxçıvan” bir mərhələ keçdi, amma ardını gətirə bilmədilər və bu, təəssüfləndirici məqamdır.

Eyni zamanda, əsas və aşağı yaş qrupları üzrə yığma komandaların beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarının seçmə mərhələlərində fiaskoya uğraması da təəssüfləndirici məqamlardır.

Fernandu Santuşun gedişi hardasa kiçik bir təsəllidir ki, yəni, uyğunsuz bir baş məşqçi milli komandadan uzaqlaşdırıldı.

Ayxan Abbasovun dövründə milli komanda bir az gözünü açsa da, ayılsa da, turnir cədvəlində sonuncu pilləni tutdu. Bu da təəssüfləndirici məqamdır.

Belə götürdükdə, bu il futbolla bağlı bir sıra layihələrin həyata keçiriləcəyini, həmçinin, istər klublarda, istərsə də AFFA-da islahatların aparılacağını gözləsək də, təəssüf ki, bu da olmadı.

Düşünürəm ki, Elxan Məmmədovun (AFFA-nın keçmiş baş katibi) dövründən qalan bütün kadrlar artıq 2025-ci ildə tamamilə ölkə futbolunun səhnəsini tərk etməli idilər.

Bu, xüsusilə, onunla çalışan kadrlara aiddir. Nə qədər ki onlar AFFA-dan təmizlənməyib, ölkə futbolunun gündəlik həyatında hansısa ciddi irəliləyiş, tərpəniş və yaxud irəliyə doğru hansısa bir addımın olması real deyil”.

Digər Xəbərlər
Xəbər Lenti