Mürgü vuran futbol adamları - HEÇ UTANIRSIZ?

Mürgü vuran futbol adamları - HEÇ UTANIRSIZ?

"Legioner limiti aradan götürülüb. Yaxşı da ola bilər, pis də ola bilər. Bunu heç kim deyə bilməz ki, pis və ya yaxşı olacaq".

Bu, son günlər AFFA-da çalışan/bağlılığı olan şəxslərdən tez-tez eşitdiyimiz açıqlamalardır.

Ən son milli komandanın direktoru İlqar Qurbanov bu məzmunda fikirlər səsləndirib.

Əslində sabaha hesablanan özünü müdafiə xarakterli fikirlər olduğunu da deyə bilərik.

Gün kimi aydındır ki, ölkə futbolunun ən sonuncu problemi legioner limiti idi.

Əbəs deyil ki, ölkə futbolunda söz demək haqqına sahib bir nömrəli şəxs olan Qurban Qurbanov da AFFA İcraiyyə Komitəsində limitin ləğvinin hazırkı dövrdə Azərbaycan futbolu üçün düzgün qərar olmadığını açıq şəkildə bildirib.

Amma kimlərinsə şəxsi maraqlarına görə, futbolumuzun sonuncu problemi birinci problem kimi təqdim edilir.

Təəssüf ki, AFFA-da oturan futbol adamları da bu nağıla mürgü vuranlar arasındadır.

Arada özünüzə hörmət edin. Kim(lər)əsə xoş görünmək üçün ictimaiyyəti aldatmayın.

İl olub 2025 "bunu da yoxlayaq" deyəcək qədər həvəskar adamlar federasiyada çalışır.

Heç utanırsız?

Siz bilmirsiniz ki, 2008-ci ildə köhnə AFFA rəhbərliyi limitin ləğvinə gedib?

Yaxşı bilirsiniz. Nəticəsi olmadığını da gözəl bilirsiniz. Sadəcə AFFA-da qalmaq, millidə yer almaq naminə susursunuz.

Siz bilmirsiniz ki, yerli futbolçu qıtlığının səbəbi limit yox, akademiyaların yoxluğunda, klublarımızın həvəskar idarə edilməsində, peşəkar rəhbərlərin azlığında, uşaq futbolunun formal olaraq ayaqda qalmasındadır?

Bilirsiniz, amma susursunuz. Bəs vicdan? Bəs ədalət?

Sözüm bu qədər problemləri bilib susan, əvəzində limit üzərindən manipulyasiya edən AFFA-da, millidə çalışan və özünə futbol adamı deyən hər kəsə aiddir.

Arada güzgüdə özünüzə baxıb, ən yüksək səviyyədə utana bilərsiniz.

Əgər həmin hissləri unutmamısınızsa...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti