AFFA-ya VACİB MƏSLƏHƏT - Bu klubları dayandırmaq lazımdır!

AFFA-ya VACİB MƏSLƏHƏT - Bu klubları dayandırmaq lazımdır!

Bildiyiniz kimi, bu mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edilib.

İlk gündən AFFA-nın qərarının əleyhinə çıxış edənlər arasındayam.

Bu gün də fikrimdə qalıram ki, federasiya yanlış yoldadır. Limitin ləğvi mütləq olmalıdır, amma bu gün ölkə futbolu buna hazır deyil. 2008-ci ildə bu qərar verilib, amma uğursuz olub, özünü doğrultmayıb. Görünən odur ki, biz yenə zaman itiririk.

Ancaq limitin ləğvinə görə tənqid etdiyim AFFA rəsmilərinə bir məsələdə təşəkkür etmək istəyirəm.

Bu da əcnəbilərlə bağlı qoyulan müəyyən qadağalar və təyin edilən rüsumlardır.

Daha əvvəlki illərdə olduğu kimi milli üzvləri rüsumdan azad edilmir.

Gələn əcnəbilərin sayı 12-ni ötərsə növbəti legioner sifarişi üçün 100 min manat ödənilməlidir. Say 16 və daha çox olacağı təqdirdə qiymət 200 min manat qalxır.

Belədə “Şamaxı”, “Kəpəz”, “Sumqayıt”, “Karvan Yevlax”, “Qəbələ”, “İmişli” kimi büdcəsi aşağı klubların əl-qolu bağlanmış olur. 12 sayını ötməkdə çox da maraqlı olmurlar. Sevərək yox... Məcburiyyətdən!

Qısası, bəzi qadağalar nisbətən 5-ci sort əcnəbilərin ölkəmizə axınının qarşısını kəsir.

Sadəcə qismən…

Çünki “Neftçi”, “Zirə”, “Qarabağ”, “Turan Tovuz”, “Sabah” kimi pullu klublara bu qayda da mane olmur. Əbəs deyil ki, ötən yaydan artıq bu sayı (12) arxada qoyublar. Heyətlərində təkcə rüsumuna 100 min manat ödənilən gəlmələr çıxış edir. Göstərdikləri futbol bu qiymətdən dəfələrlə aşağı olduğu halda. Deməli, adıçəkilən klublar üçün hazırkı rəqəmlərin altından qalxmaq su içmək, tum çırtlamaq qədər asandır.

Ona görə də bir media numayəndəsi kimi AFFA-ya məsləhətim olacaq.

Əgər limitin ləğvi daha uzun müddəti əhatə edəcəksə (heç bir halda buna getmək olmaz) , yaxşı olardı ki, federasiya məhdudiyyətləri bir qədər də sərtləşdirsin.

Ki, kiçik klublar kimi, böyüklər də bir qədər məsuliyyət hiss etmiş olsun. Kənardan gətirdiklərinə görə 100 ölçüb, 1 biçmiş olsunlar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti