Premyer Liqada 14-cü turda yarımçıq dayandırılmış “Qəbələ” - “Turan Tovuz” oyunu ilə bağlı Peşəkar Futbol Liqasının verdiyi qərar son günlər müzakirə mövzusuna çevrilib. Əsasnamənin pozulması yönündə iddialar, müzakirə və mübahisələr fikirləri haçalayır.
Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev bu haqda Sportinfo.az-a açıqlama verib.
Qurum rəsmisi məsələyə emosiyadan uzaq, daha geniş kontekstdən yanaşmağı xahiş edib:
“Müasir futbol idarəçiliyində əsas prinsip – oyunun və mövsümün bütövlüyünü qorumaqdır.
Yarımçıq qalmış oyunun davamı ilə bağlı qərar verilərkən yalnız maddələrin literal oxunuşu yox, meydanın vəziyyəti, futbolçuların sağlamlığı, təhlükəsizlik, canlı yayım, VAR sisteminin tətbiqi və sıx oyun təqvimi nəzərə alınır.
Peşəkar Futbol Liqası da məsələyə məhz bu prizmadan yanaşaraq, hər zaman olduğu kimi birbaşa üzvlərinin ümumi mənafeyini qoruyaraq addımlar atıb.
Əlbəttə ki, ilk növbədə oyunun keçirilməsi üçün bütün imkanlar araşdırılıb. Həm yayım, həm VAR, həm də təbii proqnozlar baxımından.
Texniki imkanlar ilə yanaşı, hava durumunun da qarşıdakı iki gün ərzində dumanlı olması oyunun növbəti gün keçirilməsini sual altına alıb.
Məhz oyunun sabah keçirilməsinin böyük sual altında olmasından sonra Peşəkar Futbol Liqası ümumi durum və idman prinsiplərini nəzərə alaraq növbəti addımlarını atıb”.
Qurum rəsmisinin sözlərinə görə, bu baxımdan PFL-in qərarı formal çərçivədən kənara çıxmaq yox, qaydanın mahiyyətinə uyğun tətbiqi kimi qiymətləndirilə bilər.
Çünki əsasnamələrin ruhu oyunu istənilən halda davam etdirmək deyil, idman ədalətini təmin etmək, keyfiyyətli oyun keçirməkdir. Bununla yanaşı Abdullayev bərabərlik kimi digər önəmli məqamın da olduğunu bildirdi:
“Digər vacib məqam isə bərabərlik prinsipidir. Məsələ ilə bağlı yayılan qərar hər hansı bir kluba üstünlük yaratmır və eyni şəraitdə olan istənilən komanda üçün eyni yanaşmanın tətbiq olunacağı mesajını verir.
Bu isə əslində, liqada presedent yox, standart formalaşdırılması deməkdir.
Dünya futbolunda oxşar situasiyalar kifayət qədərdir. Avropanın aparıcı liqalarında - İngiltərə, İtaliya və hətta UEFA turnirlərində - təhlükəsizlik, hava şəraiti və ya təşkilati səbəblərlə dayandırılan oyunlar bəzən standart vaxt çərçivəsindən kənarda davam etdirilir. Burada əsas meyar, rəqabət balansının qorunmasıdır”.
PFL rəsmisi qurumun indiyədək qazandığı nüfuzun kökündə dəfələrlə ən çətin situasiyalarda belə ədaləti qorumağa çalışmalarının dayandığını qeyd edir:
“PFL prezidenti Elxan Səmədov futbol camiəsinin ən xırda məsələlərini belə diqqətdə saxlayır. Bunu bütün liqalardakı klubların rəsmilərindən də soruşa bilərsiz.
Bütün məsələlər müzakirə olunur və ən optimal qərarların verilməsinə çalışılır. Bu zaman isə Azərbaycan futbolunun reallıqlarının da nəzərə alınmasına çalışılır.
Bu reallıqları nəzərə aldıqda, PFL-in qərarını şəffaflığın və ya bərabərliyin pozulması kimi təqdim etmək tam mənzərəni əks etdirmir.
Çünki oyunun canlı yayımlanması və VAR sisteminin tətbiq olunması özü elə şəffalığın təmin edilməsidir. Əksinə, bu yanaşma Azərbaycan futbolunda idarəetmənin yalnız kağız üzərində deyil, real vəziyyətlərə uyğun aparıldığını göstərir.
Məhz Elxan Səmədovun gəlişindən sonra və AFFA ilə sıx əməkdaşlıq qurulduqdan sonra bütün liqalarda idman prinsiplərinin qorunması ön plana çıxıb.
Liqalardan düşmək, liqalara qalxmaq artıq çempionatın əsas onurğa sütunu və işə yanaşmanın təməlidir.
Belə bir hər xalın qızıla bərabər olduğu çempionatda, gərgin mübarizənin getdiyi liqada bəlkə də bir epizoda görə baş verə biləcək hakim səhvinə VAR müdaxiləsi olmasaydı, məhz bu xal həmin komandanı Premyer Liqasız qoyacaqdı? Kim bilir?
Bütün bunları nəzərə alsaq, bu oyunun bərabər şəraitdə, daha yaxşı şəraitdə keçirilməsi məhz işin məntiqi axarının doğru olduğunu göstərir”.

