SOCAR AFFA-ya maliyyəni dayandırır - Azərbaycanda futbolun intibah dövrü başlayır

18 May 2021 15:00 Azərbaycan Futbolu 2 432
SOCAR AFFA-ya maliyyəni dayandırır - Azərbaycanda futbolun intibah dövrü başlayır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) UEFA ilə tərəfdaşlıq müqaviləsini uzatmamaq qərarını verib.

Əla xəbərdir.

Qurumdan bunu belə əsaslandırıblar ki, 2019-cu ildən etibarən SOCAR dünya iqtisadiyyatının sürətli transformasiyası, dördüncü sənaye inqilabı və enerji keçidi ilə əlaqədar olaraq, öz biznes strategiyasına yenidən baxılması və yeni strategiyanın hazırlanması ilə bağlı qərar verib.

SOCAR-ın yeni davamlı inkişaf strategiyası “McKinsey” şirkətinin dəstəyi ilə hazırlanıb və 2035-ci ilə qədər dövrü əhatə edir:

"Son dövrdə SOCAR yeni strategiyanın müəyyən etdiyi inkişaf istiqamətlərindən kənarda qalan bütün xərclərini ixtisar etməyə başlayıb. Keçmişdə həyata keçirdiyimiz bəzi başqa layihələr kimi UEFA ilə tərəfdaşlığın uzadılması məsələsi də şirkətin yeni biznes strategiyası çərçivəsində məqsədəuyğun görülmədi.

Beləliklə, SOCAR, xərclərə qənaət edərək, UEFA ilə tərəfdaşlıq müqaviləsini uzatmamaq qərarını verib və sözügedən tərəfdaşlığın başa çatdırılması ilə bağlı UEFA-ya müraciət edib. Artıq bununla bağlı razılıq əldə olunub”.

SOCAR UEFA ilə əməkdaşlıq çərçivəsində maksimum hədəfə nail olub. Avropa Liqasının finalı oyunu Bakıda keçirilib, Avropa çempionatının 4 qarşılaşması da paytaxtımızda təşkil ediləcək. Bundan sonra UEFA ilə əməkdaşlığın heç bir mənası qalmır.

Ümumiyyətlə, koronavirus bütün nəhəng şirkətləri məcbur edib ki, sosial öhdəliklərinə, reklam müqavilələrinə yenidən nəzər salsınlar.

Heç kimə sirr deyil ki, SOCAR-ın da ölkə üçün müəyyən sosial öhdəlikləri var. Onlardan biri də futbolu maliyyələşdirməkdir. Əslində futbol təsərrüfatı sosial öhdəliklər kateqoriyasına daxil olmamalıdır.

Futbol bütün dünyada çoxdan biznes sahəsi kimi inkişaf edib. Amma Azərbaycanda futbolu biznesə - gəlirli sahəyə çevirmək mümkün olmadığı üçün dövlətin yardımına möhtacdır. Bu yardım da SOCAR-ın boynuna düşür.

Bəs dövlətin – SOCAR-ın ayırdığı vəsait Azərbaycanda futbolun inkişafına təkan verirmi? Əminliklə “yox” deyə bilərik.

SOCAR futbol təsərrüfatına az vəsait ayırmır. Elə təkcə AFFA ilə “Neftçi”yə 20 milyon manatdan artıq maliyyə yardımı edilir. Digər klubları, birinci dəstədə çıxış edən komandaları da nəzərə alsaq, bu məbləğ 50 milyon manata yaxındır.

Amma sosial öhdəlik o demək deyil ki, pul ayırıram, necə istəyirsiniz xərcləyin. Yox, əksinə, vəsait ayıran qurum, xüsusən də bu vəsait dövlət tərəfindən ayrılırsa, onun necə xərclənməsinə də nəzarət etməlidir.

Vəsait konkret bir sahənin inkişafı üçün nəzərdə tutulubsa, 10 illər ərzində milyonlarla manat xərclənirsə və heç bir nəticə olmursa, araşdırma aparılmalı, tədbirlər görülməlidir.

Amma təəssüf ki, bu illər ərzində SOCAR AFFA-ya ayırdığı vəsaitin təyinatı üzrə xərclənib-xərclənmədiyi, nəticəsi ilə maraqlanmayıb. Vəsait ayrılıb, amma futbolda zərrə qədər də inkişaf olmayıb.

Pandemiya şərtləri dəyişdirib. Deməli, SOCAR-AFFA əməkdaşlığına da yenidən baxmaq vacibdir. Pul Azərbaycanda futbolun inkişafını əngəlləyib. Bəli, nə qədər qəribə olsa da, əngəlləyib. Dövlətin ayırdığı vəsait təyinatı üzrə - futbolun inkişafına xərclənməyib, 5-10 şəxsin varlanmasına xidmət edib.

İllik büdcəsi cəmisi 2 milyon manat olan yığmalar var ki, Avropada sabit çıxış edirlər. İllik büdcəsi 10 milyon manata çatan Azərbaycan yığması isə Avropanın ən zəifidir.

Uşaq futbolu daha bərbad durumdadır. Bu qədər vəsaitin müqabilində Azərbaycanda uşaq futbolunda infrastruktur qurulmayıb.

Halbuki, ilk iş bu olmalı idi. AFFA-ya maliyyə ayıran SOCAR-ın da futbolla bağlı müəyyən strategiyası olmalı və orda ilk sırada uşaq futbolunun inkişafı durmalı idi.

Amma bu illər ərzində bunların heç biri olmayıb. Pul ayıran onun necə xərcləndiyi ilə maraqlanmayıb, pulu alan da onu istədiyi kimi xərcləyib. Nəticədə bütün Avropa ölkələrində futbol inkişaf etdiyi halda, Azərbaycanda tənəzzül yaşayıb. Özü də dövlətin belə nəhəng dəstəyi olduğu halda.

SOCAR-dan bildiriblər ki, UEFA ilə əməkdaşlıq dayandırılsa da, qurum Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əsas sponsoru qalmağa davam edəcək. İndiki halda bunu səhv addım hesab etməliyik. SOCAR-ın AFFA-ya ayırdığı vəsait futbolun inkişafına yardım etmir, əksinə əngəl yaradır.

Azərbaycan futbolunda dövr edən vəsait, ən azı Şərqi Avropanın heç bir ölkəsində dövr etmir. Bu vəsaitin həcminə görə, Azərbaycan, bəlkə də Avropanın ilk 15 ölkəsi arasındadır. Amma nəticələrə görə 50-ci sıradan da aşağıdır. Deməli, SOCAR mənasız sosial öhdəlikdən – futbola maliyyə ayırmaqdan imtina etməlidir. Çünki bu öhdəliyin heç bir nəticəsi yoxdur.

Pul Azərbaycanda futbolu inkişafa yox, tənəzzülə aparırsa, vəsait dayandırılmalıdır. Belə olacağı təqdirdə, futbol özünün təbii inkişaf yolunu tutacaq. Bu

təsərrüfat qeyri-peşəkarlardan, pul qazanmaq (daha doğrusu “yumaq”) üçün futbol sahəsinə gələnlərdən təmizlənəcək.
Yeganə çıxış yolu budur: SOCAR AFFA-ya maliyyəni dayandırır. Və məhz bundan sonra Azərbaycan futbolunda intibah dövrü başlayacaq. Bu addımı elə günü sabah atmaq lazımdır. Gecikirik!

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti