“Qarabağ”ın futbolçuları Avropa Liqasının qrup mərhələsinin II turunda “Düdelanj”ı Lüksemburqda 4:1 hesabı ilə məğlub etdikləri oyunda qələbəni xüsusi şəkildə qeyd ediblər.
Sportinfo.az xəbər verir ki, Ağdam klubunun futbolçuları matçda baş verən erməni təxribatına cavab olaraq, final fitindən dərhal sonra “Qarabağ” azarkeşlərinin yer aldığı tribunaya gedərək, zəfəri birgə qeyd ediblər.
Daha sonra komanda üzvləri Azərbaycan bayrağı ilə şəkil çəkdiriblər. “Qarabağ”ın rəsmi “facebook” səhifəsi həmin fotonu “Qarabağ Azərbaycanındır, nida işarəsi” başlığı ilə paylaşıb.
Qeyd edək ki, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib.
BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Dövlət başçısı Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

