“Qarabağ” bu gün Qurbanın (y)üzünü güldürə biləcəkmi?

3 Oktyabr 2019 15:36 Avropa Liqası 572
“Qarabağ” bu gün Qurbanın (y)üzünü güldürə biləcəkmi?

Bu gün- oktyabrın 3-də Lüksemburqdakı “Jozi Bartel” stadionunda Avropa Liqasının ikinci turunda “Düdelanj” "Qarabağ”ı qonaq edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Con Biton olacaq. Ona yan xətdə DanielMakfarlan və Duqlas Potter kömək edəcək.

***

Bu komandalar üç mövsüm əvvəl Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşıb. “Qarabağ” evdə 2:0 hesabı ilə qalib gəlib, rəqib meydanında isə heç-heçə qeydə alınıb - 1:1. “Düdelanj” Avropa Liqasının qrup mərhələsinin startı ərəfəsində baş məşqçi Emilio Ferreranı istefaya göndərib. Komanda müvəqqəti olaraq, Bertran Krassona tapşırılıb. Onun rəhbərliyi altında “Düdelanj” ilk turda APOEL-ə Kiprdə 3:4 hesabı ilə qalib gəlib.

“Düdelanj” baş məşqçi ilə bağlı qərarı “Qarabağ”la keçirəcək matçdan sonra verəcək. Klubun idman direktoru Sofian Benzuan düzgün qərarın verilməsi üçün daha bir həftə gözləmələrinin gərəkliyini açıqlayıb. Lakin o, qərarın nəticələrlə əlaqədar olmayacağını diqqətə çatdırıb. Bertrand Krassonun ən azı köməkçi-məşqçi kimi qalacağını əlavə edib.

Belçika millisinin sabiq futbolçusu Bertrand Krasson yığmanda 26 oyun keçirib və DÇ-1998-in iştirakçısı olub. Bu ilin sentyabrından “Düdelanj”ın məşqçilər korpusunda yer alıb.

Qəribədir, APOEL də Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki ilk oyunda “Qarabağ”a uduzdu və baş məşqçilərini istefaya göndərdilər. Bakıda təkrar görüşə klubu artıq yeni mütəxəssis hazırlamışdı. Kipr klubu Bakıda məğlubiyyətin əvəzini çıxdı və pley-offa yüksəldi. İndi eyni situasiya ilə həm APOEL, həm də “Qarabağ” qarşılaşıb.

“Düdelanj”ın müvəqqəti baş məşqçisi çalışacaq ki, bu oyunda da özünü doğrultsun. A qrupunun az qala autsayderi hesab olunan Lüksemburq klubu ən azı heç-heçəyə nail olmaqla qrupda 2-ci yeri yerdəki mövqeyini saxlaya bilər. “Qarabağ” isə bu oyunda da məğlub olarsa, ikincilik şansını itirmiş olacaq...

***

Əsası 1991-ci ildə qoyulan “Düdelanj” 3 klub - “Allyans”, “Stad” və YUS-un birləşməsindən yaranıb. Yaşının çox olmamağına baxmayaraq, komanda bu vaxta qədər 15 dəfə ölkə çempionu adını qazanıb.

“Düdelanj” 2005/06 mövsümündə Lüksemburq tarixində ilk dəfə Çempionlar Liqasında II təsnifat, 2012/13 mövsümündə isə Avropa Liqasının pley-off mərhələsinədək irəliləyib. Klub ilk dəfə Bosniya və Herseqovinanın “Jrinski” klubunu üstələyib - 0:1, 4:0. Növbəti mərhələdə komandanın qarşısını “Rapid” (Vyana, Avstriya) kəsib - 1:6, 2:3.

İkinci tarixi uğura imza atdığı mövsümdə isə “Düdelanj” “TrePenne” (San-Marino) üzərində 7:0, 4:0, “Zalsburq”la görüşdə 1:0, 3:4 hesablı nəticələrlə III təsnifat mərhələsinə yüksəlib. Bu komandanın qarşısını Çempionlar Liqasında “Maribor” (Sloveniya) 4:1 və 1:0, Avropa Liqasının pley-off mərhələsində isə “Hapoel” (Təl-Əviv, İsrail) 3:1, 4:0 hesablı qələbələrlə kəsib.

“Düdelanj” ötən mövsüm 15-ci dəfə ölkə çempionu olub. Keçən il Avropa Liqasının pley-off mərhələsində ÇFR-i mübarizədən kənarlaşdırmaqla qrup mərhələsinə vəsiqə qazanan ilk Lüksemburq klubu oldular. Qrupda keçirdikləri beş oyunda yalnız “Real Betis”lə 0:0 hesablı heç-heçə edə bildilər. Digər bütün oyunlarda isə meydanı xalsız tərk etdilər.

“Düdelanj” ötən mövsüm olduğu kimi, bu il də Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırdı. Komanda “Valetta” ilə dueldən məğlub ayrıldı - 2:2, 1:1. Avropa Liqasında “Düdelanj” Şimali Makedoniyanın “Şkendiya”, Estoniyanın “Nomme Kalyu” və pley-offda Ermənistanın “Ararat” klubunu mübarizədən kənarlaşdırdı. Lüksemburq təmsilçisi Avropada son beş ev görüşünü uduzmayıb - iki qələbə, üç heç-heçə. Hazırda milli çempionatda 8-ci yerdə qərarlaşıblar.

“Düdelanj”ın kapitanı, qapıçı Conatan Juber oyun ərəfəsi deyib ki, azarkeşlərini APOEL-lə matçda olduğu kimi yenə də təəccübləndirmək istəyirlər: “Avropa Liqasına uğurlu başlanğıc etdik. ”Qarabağ"ın önündə də bunu xəyal etmək istəyirik. Hamımız bir nəticə barədə düşünürük. “Qarabağ”ın avrokubokda böyük təcrübəsi var. Amma yenə də özümüzə inanırıq".

“Qarabağ” oktyabrın 2-dən Lüksemburqdadır. Komandanın heyətində zədəli futbolçular - Xayme Romero və Filip Ozobiç yer almayıb. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov üçün “Düdelanj”la qarşılaşma əlamətdar tarixə təsadüf edir. 47 yaşlı mütəxəssis 100-cü avrokubok oyununa çıxacaq.

Ozobiçdən sonra yeni legioner Xayme Romeronun da sıradan çıxması üzücüdür. İspaniyalı futbolçu yeni transferlər içərisində ən bəyəniləni idi və bu cür vacib oyunda kluba çox faydası dəyə bilərdi.

Ümid edək ki, “Qarabağ” Lüksemburqdan uğurlu nəticə ilə dönəcək...

Orxan ƏLİYEV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA