II YAZI
(ilk yazı bu linkdə - https://www.sportinfo.az/news/europa_league/68366.html)
2017-18-ci illər mövsümünü Lüksemburq futbolu üçün əlamətdar hesab etmək olar. Buna səbəb ölkə çempionu “Düdelanj”ın "başının üstündən iki dəfə tullanaraq", Polşanın güclü "Legiya" klubu ilə Rumıniyanı daima avrokuboklarda təmsil edən “Kluj”u mübarizədən kənarlaşdırması və bununla da "cırtdan ölkə"nin öz futbol tarixində ilk dəfə olaraq qrup turnirinə yüksəlməsi olub.
Fereronun 4-4-2 taktiki gedişinə üstünlük verməsinin səbəblərindən biri də kompakt yarımmüdafiə yaratmaq cəhdidir. Bu, klassik romb olmasa da, ona yaxın bir taktiki gedişdir. Pokar ilə Morren nominal dayaq yarımmüdafiəçiləridir və onlara Stolz ilə Bernier yardım etməyə çalışır.
"Düdelanj"ın Avropadakı oyunlarda əsas məqsədi rəqibin oyununu dağıtmaqdır, odur ki, müdafiə dördlüyünə əlavə olaraq yarımmüdafiə kvarteti də ikiqat aşağı blok yaratmaqla rəqibin işini çətinləşdirir. Çox güman, texnikalı oyuna və topa sahib olmağı sevən Qurban Qurbanovun komandasıyla oyunda da Lüksemburq çempionu eyni taktiki gedişə əl atacaq.
Eyni zamanda "Düdelanj" əks-hücumlarda həm çox sürətli, həm də çox texnikalıdır. Komandada sürəti cinah müdafiəçiləri - Kirx ilə Boşuari təmin edir. Burada da xüsusi diqqət verilməli oyunçu Mərakeş əsilli belçikalı sağ cinah müdafiəçisi Boşuaridir. Sürəti və fiziki hazırlığı hesabına o, hücuma aktiv qoşulmaqla yanaşı, müdafiəyə də çatdırır. Əminik ki, onun Ayltonla mübarizəsi qarşıdakı oyunun ən maraqlı anlarından biri olacaq.
Lopeteqi kimi Ferero da komandanı meydanın bütün perimetri boyunca yayıb (mərkəz, yarımcinahlar və cinahlar) oyun qurmağa cəhd etsə də, bu, hələ ki, o qədər də uğurlu alınmır. Kiprdə vurduqları 4 qol bu mənada siravi azarkeşi yanıltmamalıdır. Qeyd etmək yerinə düşər ki, orada 2 qol APOEL futbolçularının peşəkar futbola yaraşmayan səhvindən sonra qapıdan keçmişdi. Bunu matçdan sonra APOEL-in qəzəblənmiş baş məsqçisi Tomas Doll da vurğulayıb və yetirmələrini hücum qura bilməməkdə ittiham etmişdi.
Bundan əlavə, daha bir həlledici duel Qara Qarayev ilə Sinani arasında olacaq. Düzdür, Albaniya əsilli futbolcunun mövqeyindən asılı olaraq, onu tutmaq məsuliyyəti mərkəz müdafiəçilərimizin üstünə də düşə bilər. Lakin Sinani iki hücumçudan biri olsa belə, top üçün tez-tez "Qarabağ"ın dayaq yarımmüdafiəsi ilə üzləşməli olacaq. Qurbanovun Sinanini Qarayevə tapşıracağı və ya onu zonal zərərsizləşdirməyə çalışacağı matç öncəsi maraqlı nüanslardan biridir.
"Düdelanj"ın komanda oyununun axsamasının daha bir göstəricisi qeyri-sabit pressinqidir ki, bu da həmyerlilərimiz üçün olduqca yaxşı xəbərdir. Çünki "Qarabağ"ın aqressiv və sistematik pressing edən komandalara qarşı oyun qurmaqda çətinlik çəkdiyini dəfələrlə görmüşük. (APOEL və "Sevilya" ilə ev oyunları)
APOEL-in evdəki məğlubiyyətlərinin əsas səbəblərindən biri "cırtdan" ölkənin çempionunu ciddiyə almaması idi. Çünki nə Sinaniyə qarşı, nə də "Düdelanj"ın hücumunun əsas lokomotivləri olan cinah müdafiəçilərinə qarşı düşünülmüş oyun var idi. Müqayisə üçün, APOEL Bakıdakı oyunda Miçelə olduqca effektiv şəkildə pressinq etməklə, "Qarabağ"ı yaradıcı oyundan məhrum etmişdi.
APOEL-in "Düdelanj"la oyunu isə daha çox iki xaotik qüvvənin qarşıdurmasını xatırladırdı. Xaos sensasiyaya daim əl yeri qoyur. Ferero "Qarabağ"la matçda da eyni ssenarinin təkrarlanmasına ümid edib, dərin müdafiə bloku ilə oynayacaq.
Ümid edək ki, həmişə rəqibə qarşı individual plan quran Qurbanov Lüksemburq çempionuna qarşı da lazımi səviyyədə hazırlaşacaq və oyuna səbrlə yanaşacaq. Çünki "Düdelanj" hətta 1 top fərqi ilə geri olduqda belə, APOEL ilə matçdakı kimi, xaotik hücuma keçib, hava topları ilə Mendini və ikinci dalğada effektiv mövqe tutmağı bacaran Sinanini axtaracaq.
Cavid David Zaidov
Londondan xüsusi olaraq Sportinfo.az üçün

