"Çöldə xoruz, evdə fərə" - "Qarabağ"ı Lüksemburqda necə komanda gözləyir? - TƏHLİL

1 Oktyabr 2019 19:21 Avropa Liqası 995
"Çöldə xoruz, evdə fərə" - "Qarabağ"ı Lüksemburqda necə komanda gözləyir? - TƏHLİL

I YAZI

Ümumi görüntü

2017-18-ci illər mövsümünü Lüksemburq futbolu üçün əlamətdar hesab etmək olar. Buna səbəb ölkə çempionu “Düdelanj”ın "başının üstündən iki dəfə tullanaraq", Polşanın güclü "Legiya" klubu ilə Rumıniyanı daima avrokuboklarda təmsil edən “Kluj”u mübarizədən kənarlaşdırması və bununla da "cırtdan ölkə"nin öz futbol tarixində ilk dəfə olaraq qrup turnirinə yüksəlməsi olub. "Betis", "Milan" və "Olimpiakos" ilə güclü kompaniyada cəmi 1 xal yığan ("Betis"lə ev oyunu) "Düdelanj" çempionluq titulunu qorusa da, komandanı yayda ümumilikdə 14 oyunçu və baş məşqçi tərk etdi. Komandaya belçikalı mütəxəssis Emilio Ferrera gətirildi, amma artıq çoxları Lüksemburq çempionunun yenə də sensasiya edib qrup mərhələsinə yüksələcəyini gözləmirdi. Ötən il bunu etməklə ilkə imza atmış klub, bu mövsüm qrup mərhələsinin elə ilk turundaca birdən-birə iki rekordu müəyyənləşdirmiş oldu - həm APOEL ilə oyunda ilk qələbəsini qazandı, həm də 4 qol vurmaqla ötən il bütün qrup turnirindəki ümumi nəticəni (3 qol) arxada qoydu. Səfərdə - Kiprdə qazanılan bu qələbə həm məzmunu, həm də oyun keyfiyyətlərinə görə "Qarabağ"a çoxlu xammal vermiş oldu.

Şübhəsiz ki, Lüksemburdakı oyun Qarabağın pley-offa yüksəlmək uğrunda mübarizəsində həlledici matçlardan biri olacaq. Ev sahibləri qələbə halında klubumuzdan 6 xal aralanıb, növbəti mərhələnin açarını özlərində saxlamış olacaq. Qurbanovun yetirmələri isə Lüksemburqdan 3 xal ilə dönəcəyi halda, növbəti mərhələ uğrunda mübarizənin əsas episentrini APOEL ilə iki duelə daşımış olacaq.

Taktika

Karyerası boyu əsasən Belçika Liqasının ortabablarında işləmiş 52 yaşlı Fereronun üstünlük verdiyi taktika 4-2-3-1 olsa da, "Düdelanj"da olduğu qısa bir müddətdə o, artıq bir neçə taktiki gedişə əl atmağa macal tapıb. Belə ki, o Avropa Liqası seçmə mərhələsinin ilk raundunda və APOEL ilə səfər oyununda 4-4-2 düzülüşünə üstünlük versə də, "Ararat" ilə hər iki matçda 5-3-2 ilə oynayıb. Düzdür, adətən hücuma aktiv qoşulan 4-4-2-dən fərqli olaraq, APOEL ilə qarşılaşmada eyni taktikanın bir qədər müdafiə yönümlü versiyasına əl atdı.

Fereronun bu qədər taktiki elastikliyi həm də yayda baş vermiş dəyişikliklərlə əlaqəlidir. Klubu tərk edən 14 oyuncunun 7-si ötən il Avropa Liqasında əsas heyətin üzvləri idilər. Yetərincə böyük olana köçə etiraz edən almaniyalı baş məşqçi Dino Topmöller 3 il əməkdaşlıqdan sonra Lüksemburq çempionundan ayrıldı. Ümumi mənzərə bu qədər köklü dəyişiklilərin komandaya ciddi təsir göstərdiyini düşünməyə əsas verir. Elə bunu demək kifayətdir ki, 26 turluq Lüksemburq çempionatında ötən mövsümü cəmi 3 məğlubiyyətlə çempion olan "Düdelanj" cari mövsümün ilk 7 turunda artıq 4 dəfə məğlub olub.

Avropanın 55 Federasiyası arasında 35-ci yeri tutan Lüksemburq çempionatında laxlayan və qeyri-sabit olan klubun Avropada bu qədər uğurlu çıxış etməyi yerli azarkeşlərimizdə məntiqi olaraq, "Qarabağ"ın belə rəqiblə dueldə nəyə ümid edə biləcəyi ilə bağlı çaşqınlıq və fikir ayrılığı yaradır. Bəziləri üçün – “Lüksemburq klubunu uda bilməsək, Avropada nə işimiz var?!” - yanaşmasına əks arqument kimi "Düdelanj"ın ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlməyini göstərmək olar. Bəs, əslində vəziyyət necədir?

"Düdelanj"ın Lüksemburq çempionatında oyunlarına baxıb təhlil etmək mümkün olmadığından, əsas istinad nöqtəsi kimi Avropa Liqasındakı oyunlarına nəzər salmaq yeganə çıxış yoludur.

Burada görürük ki, "yarpaq tökümü"nə rəğmən, klub ən önəmli oyunçusu olan alban əsilli lüksemburqlu Danel Sinanini qoruya bilib. Qeyd edək ki, Sinani ilk öncə universallığı ilə diqqət çəkir. Ötən mövsüm Dino Töpmöller ondan klassik hücumameyilli yarımmüdafiçə kimi istifadə edirdi. Sinanı adətən 4-2-3-1 taktikasında "üçlü"nün mərkəzində yerləşməklə "10 nömrə" funksiyasını yerinə yetirirdi və hücum zamanı ikinci hücumçü funksiyasının öhdəsindən məharətlə gəlirdi. Xatırladaq ki, Sinani "Legiya" ilə matçda həlledici iki qolun müəllifi olmuşdu.

Bunu yəqin ki, diqqətindən qaçırmayan Ferero 4-4-2 taktikasında Sinanini iki hücumçudan biri kimi istifadə edir. Hücum zamanı o, "9 nömrə" mövqeyində çıxış edən Mendiyə yardım edir. Maraqlıdır ki, Mendi özü də onun üçün doğma mövqe olan sol vinqer pozisiyasına hərəkət etməyi sevir və onun cərimə meydançasında buraxdığı boşluğu Sinanı doldurur. Mendi tək hücumçü mövqeyində çıxış edəndə isə, Danel hücumameyilli yarımmüdafiəçi mövqeyinə qayıdıb, hücumun sivri ucu ilə komandanın yarımmüdafiəsini əlaqələndirir.

(ardı olacaq)

Cavid David Zaidov
Londondan xüsusi olaraq Sportinfo.az üçün

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA