"Düdelanj" - "Qarabağ" - MARAQLI FAKTLAR

27 Sentyabr 2019 15:35 Avropa Liqası 718
"Düdelanj" - "Qarabağ" - MARAQLI FAKTLAR

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində növbəti oyununu ilk turda səfərdə APOEL-i məğlub edərək sensasiyaya imza atan "Düdelanj"a qarşı keçirəcək.

Sportinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytı oktyabrın 3-də Lüksemburqda oynanılacaq matçla bağlı statistik məlumatları açıqlayıb.

Əvvəlki görüşlər

Bu oyun "Qarabağ" və "Düdelanj"ın 3-cü qarşılaşması olacaq. Onlar 3 il öncə Çempionlar Liqasının II təsnifat mərhələsində də üz-üzə gəliblər. Ev oyununda Riçard Almeydanın dublu sayəsində 2:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdə heç-heçə (1:1) edərək, növbəti mərhələyə adlamışdı.

Komandalar haqda faktlar

"Düdelanj"

Minilliyin əvvəlindən Lüksemburq futbolunun aparıcı qüvvəsi olan "Düdelanj" ötən mövsüm özünün ardıcıl 4-cü, ümumilikdə isə 15-ci çempionluğunu bayram etdi. Şəhərin eyniadlı təmsilçisi eyni zamanda avrokuboklarda qrup mərhələsinə düşməyi bacaran ilk Lüksemburq klubudur. Keçən il qrupda keçirdiyi 6 oyunun 5-də uduzan komanda yalnız "Betis"lə ev matçında qolsuz heç-heçə etmişdi.

"Düdelanj" ötən mövsüm olduğu kimi bu dəfə də Çempionlar Liqasının I təsnifat mərhələsində (Malta "Valetta"sı isə matçlarda iki oyunun nəticəsinə əsasən - evdə 2:2, səfərdə 1:1) mübarizəni dayandırsa da, qitənin ikinci dərəcəli klub turnirində növbəti dəfə Avropanı təəccübləndirə bildi. Ardıcıl olaraq, Şimali Makedoniyadan "Şkendiya", Estoniyadan "Nomme Kalyu" və Ermənistandan "Ararat"ı mübarizədən kənarlaşıdran "cırtdan" ölkə təmsilçisi ardıcıl 2-ci dəfə qrup mərhələsinə yüksəldi.

"Düdelanj" avrokuboklarda keçirdiyi son 5 oyunda məğlubedilməzdir (2 qələbə. 3 heç-heçə). Ancaq komandanın hələlik qrup mərhələsində evdə qələbəsi (1 məğlubiyyət, 1 heç-heçə) və qolu yoxdur.

"Qarabağ"

Ötən mövsüm ardıcıl 6-cı dəfə Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanan "Qarabağ" ümumilikdə 7-ci çempionluğunu rəsmiləşdirdi. 5-ci dəfə Avroliqanın qrup mərhələsində mübarizə aparan ağdamlılar ötən mövsüm keçirdiyi 6 oyundan yalnız birində ("Vorskla" ilə səfər matçı - 1:0) qələbə qazanıb. Digər 5 görüşün hamısında uduzan təmsilçimiz qrupu 3 xalla sonuncu pillədə tamamlamışdı.

Bu mövsüm Avropa macərasına Çempionlar Liqasının I təsnifat mərhələsindən start verən Qurban Qurbanovun komandası III raundda Kipr APOEL-inə ümumi nəticədə (səfərdə 2:1, evdə 0:2) uduzaraq, Avroliqanın pley-off-una düşdü. Burada isə Şimali İrlandiya təmsilçisi "Linfild"i üstələyən (2:3, 2:1) "Qarabağ" 5-ci dəfə Avropa Liqasının qrupunda oynamaq hüququ qazandı.

"Qarabağ" Avroliqanın qrupunda keçirdiyi 12 səfər oyununun 3-də qələbə qazanıb, 1-də heç-heçə edib, 8-də isə məğlub olub.

"Düdelanj" və "Qarabağ" ardıcıl iki mövsümdür ölkələrinin Avropadakı yeganə payız təmsilçiləridir.

İlk turda səfərdə Kipr APOEL-inə qarşı oyunda (4:3) "Düdelanj"ın qapısını qoruyan Conatan Juber Avropa Liqasının qrup mərhələsində və pley-offda meydana çıxan yaşı 40-dan yuxarı olan 11-ci oyunçudur. Kapitan kiprlilərlə matçda 40 yaş 7 günlüyündə olub. Turnirin ən yaşlı iştirakçısı isə Bred Frideldir. ABŞ-lı qolkiper 2013-2014 mövsümündə "Tottenhem"in heyətində Moldova "Şerif"inə qarşı (42 yaş 173 günlüyündə) oynayıb.

Baş məşqçilər

Bertran Krasson qrup mərhələsinin startı ərəfəsində köməkçisi olduğu Emilio Ferreranın yerinə müvəqqəti baş məşqçi təyin olunub. Belçika yığmasında müdafiəçi kimi 26 oyun keçirən 47 yaşlı mütəxəssis DÇ-1998-in final mərhələsinin iştirakçısı olub. O, klub karyerası ərzində daha çox vətənində “Anderlext”in formasını geyinib. Həmçinin İtaliyada “Napoli”də çıxış edib.

Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 47 yaşlı mütəxəssis 11 ildir “Qarabağ”a rəhbərlik edir.

O, bu müddətdə ardıcıl 6 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. Ən önəmlisi, o, ÇL-in qrupuna vəsiqə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb. Qurbanov 2017-ci ilin noyabrından 2018-ci ilin dekabrınadək paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA