Avroliqanın qrup mərhələsinin 2-ci turu çərçivəsində oktyabrın 3-də səfərdə "Düdelanj"ın qonağı olacaq "Qarabağ" Lüksemburq klubunun biletləri geri qaytarması ilə bağlı yaydığı xəbərə aydınlıq gətirib.
Bu barədə Sportinfo.az saytına açıqlama verən ağdamlıların mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov lüksemburqluların yalnışlığa yol verdiyini deyib.
"Düdelanj"ın yaydığı xəbər həqiqətə uyğun deyil. Buna görə bayaqdan hamı bizə zəng edir. Bilet-filan geri qaytarılmayıb. Qonaq azarkeşlər üçün nəzərdə tutulan biletlər klub saytında yazıldığı kimi 60 avro yox, 30 avrodur. Həm də bizim azarkeşlər 200 deyil, UEFA-nın qaydalarına uyğun olaraq 1000-1200 bilet ala bilərlər"
Lüksemburq klubunun rəsmi saytı "Qarabağ" azarkeşləri və UEFA üçün ayrılan biletlərin Ağdam klubu tərəfindən imtina edildiyini və həmin biletlərin yerli publika üçün satışa çıxarılacağını yazmışdı.
"Düdelanj" - "Qarabağ" qarşılaşması Lüksemburqdakı "Jozi Bartel" stadionunda keçiriləcək və Bakı vaxtı ilə 23:00-da başlayacaq.

