Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın “Sevilya” ilə qarşılaşmasından öncə qeydə alınmış görüntü diqqətləri öz üzərinə çəkib
Matç başlamazdan əvvəl İspaniya klubunun futbolçuları ilə birgə meydana çıxan azyaşlılardan birinin hərəkəti sosial şəbəkədə müzakirəyə obyektinə çevrilib.
Avropa Liqasının himni oxunarkən “Sevilya”nin braziliyalı mərkəz müdafiəçisi Dieqo Karlosun önündə dayanan uşaq barmağı ilə "3" işarəsi göstərib.
Sosial şəbəkə istifadəçiləri onun bu hərəkətini qarşılaşmanın hansı hesabla nəticələnəcəyi barədə öz ehtimalı kimi qiymətləndirib. Azyaşlının barmağı ilə işarə etdiyi kimi qarşılaşma da 0:3 hesabı ilə qonaqların qalibiyyəti ilə yekunlaşıb.
Həmin uşağın adı Fəriddir. O, Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyevin oğludur.
Sportinfo.az Fəridi böyük maraq doğuran bu addımıyla bağlı danışdırıb: "Oyundan qabaq atam mənə dedi ki, əlinlə üç rəqəmini göstərib, "Sevilya"nın futbolçularına "Qarabağ" win 3:0" deyərsən.
Mən də paltardəyişmə otağının qarşısında üzümü Dieqo Karlosa tutub, atamın tapşırdığı sözü dedim. Onun fikri başqa yerdə idi, mənim sözümə diqqət eləmədi. Ona görə də meydançaya çıxandan sonra əlimlə "3:0"ı ikinci dəfə göstərdim.
Çox istərdim ki, "Qarabağ" bu oyunu udsun. Özüm də bu klubun azarkeşiyəm. Gələcəkdə onların formasını geyinmək istəyirəm. Hər dəfə atadan xahiş edirəm ki, məni də stadiona apar. Amma çox aparmır. Deyir, otur, dərslərini oxu".

