Samir Abasovu azarkeşləri təhqir etməyə kim və nə vadar edib?

11 May 2022 21:00 Araşdırma 728
Samir Abasovu azarkeşləri təhqir etməyə kim və nə vadar edib?

Samir Abasovun “Neftçi” azarkeşlərinin ünvanına işlətdiyi sözlər hələ uzun müddət qulaqlarda sırğa olacaq, müzakirəsi səngiməyəcək.

Abasov məşqçilikdə yeni deyil. Premyer Liqada kifayət qədər iş təcrübəsi var.

Adam 2 ildir “Neftçi” kimi ağır komandanın başındadır. Ötən mövsüm “ağ-qaralar”ı çempion edib. Vaxtilə azarkeşlərlə qarşılıqlı hörmətin sahibi olub.

Hə, belə bir adam “Qəbələ”ylə oyundan sonra fanatların ünvanına niyə söyüşə bərabər ifadələr işlətsin? Niyə qaşınmayan yerdən qan çıxartsın ki?

Tribunalardan gələn “istefa” səsləri?

Məgər ilk idi? Həmin ifadə ona doğmalaşıb axı. “Neftçi”də işlədiyi dönəmdə azarkeşlərin qəzəbinə ilk dəfə deyil ki, tuş gəlirdi.

Sadəcə, bu dəfəki vəziyyət fərqlidir. Klub daxilində ona göstərilən münasibətin kluminasiya nöqtəsi idi Qəbələdə azarkeşlərin ünvanına dedikləri.

Adam indi yox, kubok mübarizəsini dayandırandan sonra mövsümün sonunda komandadan ayrılacağının fərqindədir.

Rəhbərliyə söz deyə bilmir və azarkeşlərin rəhbərlik tərəfindən öyrədildiyini düşünərək hirsini kabinetdəkilərdən yox, tribunadakılardan çıxdı.

Bir gün mütləq “od püskürməliydi”. Abasov kimi səbrsiz adam mütləq “partlamalıydı”. Qısası, “Neftçi”dən ayrılacağına 100 faiz əmin olduğundan Qəbələdə “ağaca kökündən vurdu”.

İkinci vacib məsələ “Turan Tovuz”la “Kəpəz”in Premyer Liqaya buraxılmasıdır. Bu xəbərdən sonra sumqayıtlı çalışdırıcı “qanadlanıb”.

Əvvəlki dönəmdə işsiz qalmaqdan ehtiyat edirdisə, indi belə bir risk yoxdur. Qərb təmsilçiləri baş məşqçi axtarışlarını davam etdirir ki, belə vəziyyətdə Samir Abasov variantı onlar üçün göydəndüşmə olar.

Adam “Neftçi”ni çempion edib – adı üstündədir. Yəni hazırda işsiz qalan 3-5 məşqçi arasında seçim etməli olsalar,

Abasovun adı başda dayanar. Özü də bunun fərqindədir və yaxşı bilir ki, işsiz günləri illəri əhatə etməyəcək.

Samir Abasovun “Neftçi” camiəsinə o cür hörmətsizlik etməsinin əsl səbəbi bu iki faktın arxasında gizlənir. Başqa söhbət ola bilməz.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!