AFFA Premyer Liqaya gətirdiyi klublar arasında büdcə fərqi qoydu, narazılıq yarandı

10 May 2022 16:00 Araşdırma 2 168
AFFA Premyer Liqaya gətirdiyi klublar arasında büdcə fərqi qoydu, narazılıq yarandı

Azərbaycan Premyer Liqasında komanda sayı 10-a çatdırılacaq.

Bu artım AFFA-nın Lisenziyalaşma Komissiyasının bu gün açıqladığı qərardan sonra dəqiqləşib.

Belə ki, “Kəpəz”lə “Turan Tovuz”a elitada oynamaq üçün müvafiq lisenziya verilib. Bununla da Premyer Liqada iştirakçı sayı 10-a çatıb.

Son 6 mövsümdə 8 komanda ilə keçirilən yarışda sonuncu dəfə 2015/16 mövsümündə 10 klub oynayıb.

7 ildən sonra Premyer Liqada əvvəlki say qaytarılacaq. Komandalar dairəvi sistemlə 4 dövrədə oynayacaq.

Üçqat ölkə çempionu “Kəpəz” sonuncu dəfə 2017/18 mövsümündə oynadığı yüksək dəstəyə 4 ildən sonra qayıdır. “Turan Tovuz” isə Premyer Liqada debüt edəcək.

Düzdür, şəhərin “Turan” adlı komandası olub. Lakin bəzi legionerlərinin müqavilə şərtlərini yerinə yetirməməsi səbəbindən FİFA tərəfindən ağır cəzalara məruz qalan klub tarixin yaddaşına köçüb.

AFFA bu iki qərb təmsilçisinə fərqli münasibət bəsləməkdə davam edir. Federasiya “Kəpəz“ə 2 milyon manat büdcə ayırıbsa, Tovuz klubu üçün nəzərdə tutulmuş məbləğ göstərilən rəqəmdən 500 min manat azdır.

Təbii ki, bu da “Turan“ rəsmilərində haqlı narazılıq doğurub. Onlar açıq şəkildə AFFA-ya bəyan ediblər ki, 1,5 milyon manat vəsaitlə elitada normal mübarizə aparmaq qeyri-mümkündür.

Əslində, yeni baş məşqçi məsələsinin açıq qalması, transfer çalışmalarının başlamaması bununla əlaqədardır.

Məlumat üçün bildirək ki, AFFA bu mövsüm I Divizionda yarışmaq üçün “Kəpəz“ə 300 min manat, “Turan“a 200 min manat ayırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu