"Neftçi"nin hazırkı rəhbərliyi mərhum klub prezidentinə niyə laqeydlik göstərir?!

9 May 2022 17:00 Araşdırma 791
"Neftçi"nin hazırkı rəhbərliyi mərhum klub prezidentinə niyə laqeydlik göstərir?!

"Neftçi"nin mərhum prezidenti Aqil Paşayevin 75 illiyinə həsr olunmuş oyuna klubun hazırki prezidenti Kamran Quliyevin biganə münasibətinin narazılıqla qarşılanması haqda məlumat vermişdik.

Aqil Paşayev 1997-ci ildə "Neftçi" tarixinin ən çətin dövründə klub prezidentliyinə gəlib, dağılmaq ərəfəsində olan "ağ-qaralar"ın xaosdan qurtulması üçün ağır yükün altına girib və "Neftçi"nin bugünəcən yaşamasında Aqil müəllimin müstəsna xidmətləri var.

Aqil Paşayev əfsanəvi məşqçimiz Əhməd Ələsgərovu yenidən Azərbaycana gətirib, həmin dövrdə bərbad vəziyyətdə olan futbolumuzun itib-batan istedadları heyətə cəlb edilib və "Neftçi" Azərbaycan millisinin baza komandasına çevrilib.

1997-ci ildə fəaliyyətini dayandırmaq üzrə olan klub Aqil Paşayevin sayəsində cəmi 2 il sonra Azərbaycan kubokunu qazanıb və UEFA kubokunda heyətində bir çox tanınmış ulduzun olduğu "Srvena Zvezda"ya ciddi müqaviməti və gözəl oyunu ilə yadda qalıb.

Aqil Paşayev Kamran Quliyevdən fərqli olaraq "Neftçi"dən pul qazanmayıb, əksinə, öz pulunu xərcləyib, klubu yox etmək istəyənlərə sinə gərib, nüfuzu, sanbalı ilə seçilən əsl prezident, şəxsiyyət olub, klubu ən ağır dövrdə bataqlıqdan çıxardıb!

Aqil müəllimin xatirəsinə həsr olunmuş oyuna Kamran Quliyevin təşrif buyurmamasından başqa klubun rəsmi internet saytında və sosial şəbəkələrdəki səhifələrində mərhum prezidentin 75 illiyi ilə bağlı bir cümlə də yazılmayıb...

ADNA terrorundan 9 may - Qələbə gününəcən təqvimə çox həssas yanaşan klub mayın 1-i qapıçı Aqil Məmmədovu təbrik edib, 15 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışı haqda məlumat yayıb, "Neftçi-2" və "Zirə-2"nin birinci diviziondakı oyununun afişasını təqdim edib, Ramazan bayramı təbriki də öz yerində.

Amma həmin gün 75 illiyi olan və Kamran Quliyevin hazırda maaş aldığı "Neftçi"nin yaşamasında ən böyük pay sahiblərindən biri və bəlkə də birincisi Aqil Paşayevin yubileyi "unudulub"...

Tanınmış futbol eksperti Emin Abbasov demişkən deyiləcək söz yoxdu...

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti