Mayın 27-də ölkə kubokunun final matçı baş tutacaq.
Oyunun Qəbələdə keçiriləcəyi artıq dəqiqləşib. Klub rəsmilərinin iştirakı ilə gerçəkləşən püşkatma nəticəsində nominal meydan sahibinin “Qarabağ” olacağı da məlumdur.
İndi qalır vacib məsələ - turnirin təşkili və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqasının xüsusi günə necə hazırlaşması.
Buna qədərki finallardan, xüsusən də Naxçıvan və Qəbələ kimi bölgələrdə baş tutan həlledici oyunlardan əvvəl PFL-in dəstəyi ilə şou proqramlar keçirilib.
Helikopterdən yerə insan enib, göyə Azərbaycan bayrağında rənglərində şarlar buraxılıb, oyunlardan əvvəl tanınmış müğənnilər öz mahnıları ilə stadiona toplaşanları feyziyab edib.
Maraqlıdır, bu dəfə hansı tədbir keçiriləcək? Xüsusi qonaqlar kimlər olacaq?
Suala aydınlıq gətirmək üçün qurumun Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasovla əlaqə saxladıq.
PFL rəsmisi bu yöndə müəyyən planlar haqda müzakirə aparıldığını desə də, hazırda oyun proqramının nədən ibarət olduğunu açıqlaya bilməyəcəyini dedi.
Abbasov suala yaxın günlərdə aydınlıq gələcəyini də sözlərinə əlavə etdi.
HƏBİB / SPORTİNFO.AZ

