Mayın 8-də və 9-da Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.
Çempionatın son 3 turuna “ayaq basan” komandaların duellərinin hansı hesablarla bitəcəyi maraq doğurmağa bilməz.
Lakin heç də bütün futbolçular mübarizənin həyəcanını meydanda hiss edə bilməyəcək. Vərəqə cəzalıları oyunları kənardan izləməyə məhkum olduğu halda, 3 “sarı”sı olanlar növbəti görüşdə iştirak etmək üçün ehtiyatı əldən verməməlidir.
26-ci turda 6 futbolçu cəza səbəbindən meydana çıxa bilməyəcək ki, hər biri komandasının aparıcı üzvü hesab olunur. Bunlar “Qarabağ”dan Qara Qarayevlə Patrik Andrade, “Neftçi”dən Eddi İsrafilov, “Zirə”dən Loris Bronyo, “Şamaxı”dan İlkin Qırtımov, “Sumqayıt”dan Camaləddin Xocaniyazovdur.
Əvəzində 32 futbolçu isə diqqətli olmağa məhkumdur. Geridə qalan turlarda oyun qaydalarına əməl etməyib 3 sarı vərəqə alıb, cəzanın bir addımlığına yaxınlaşanlar bu dəfə ehtiyatlı davranmalı olacaq.
3 “sarı”sı olanların siyahısını təqdim edirik:
Murad Musayev, Rüfət Əhmədov, Stefan Vukçeviç, Ülvi İsgəndərov, Emil Səfərov, Nicat Mehbalıyev (hamısı “Qəbələ”), Emin Mahmudov, Ömər Buludov, Voislav Stankoviç, Azər Əliyev, Tyaqo Bezerra (hər ikisi “Neftçi”), Aldair Neto, Elçin Mustafayev, Merab Qiqauri, Turan Vəlizadə, Stanislav Namaşko (hamısı “Şamaxı”), Cəlal Hüseynov, Coşqun Diniyev, Ağabala Ramazanov, Dmitrios Çantakias, Davit Volkov, Mohamed Hamdaui, Sərtan Taşkın (hamısı “Zirə”), Ceyhun Nuriyev, Zurab Oçiqava, Mixail Erqemlidze, Rangel (hər ikisi “Sabah”), Rauf Əliyev, Elmir Tağıyev, Domantas Şimkus, Məhəmməd Mirzəbəyov (hamısı “Səbail”), Kadi Borges (“Qarabağ”).
HƏBİB

