Sizi bilmirəm, AFFA-nı yeni baş katibi – “bala Elxan” Sərxan Hacıyevın açıq fikirli olması diqqətimi çəkir.
Adam hələ ki, iş görməyə başlamayıb (yəqin ki, heç görməyəcək də) amma mətbuata xeyli açıqlama verib.
Elxan Məmmədov özünü mətbuatdan gizlədirdisə, Hacıyevin belə davranışı təqdir olunmalıdır.
Özü də heç kimdən çəkinmədən olduqca səmimi etiraflar edir. Bilirsiniz də, Sərxan müəllim əvvəlcə şahmatla məşğul olub.
Amma Şəhriyar Məmmədyarovla qarşılaşandan sonra şahmatın onluq olmadığını başa düşüb. Məşqçisi də məsləhət görüb ki, nə qədər gec deyil, gələcəyini düşün, özünə gün ağla.
Şahmatda zamanlamanı düzgün təyin edə bilməyən Sərxan Hacıyev bu məsələdə dəqiq olub. Gələcəyinin futbol təsərrüfatında olduğunu başa düşüb.
Ağıllı adamdır. Baxıb və görüb ki, futbol təsərrüfatı doludur başqa sahədə uğursuz olanlarla - istedadlı və istedadsız dələduzlarla.
Anlayıb ki, futbol təsərrüfatı elə onluqdur. Şükür, burada şahmatdakı kimi uğursuz olmayıb. Artıq o mərtəbəyə yüksəlib ki, futbol təsərrüfatını idarə edəcək.
Əslində futbol təsərrüfatında idarə olunacaq heç nə yoxdur ey, sadəcə burada dövlətin ayırdığı vəsaiti nə şişi, nə də kababı yandırmadan “yumaq” lazımdır.
Güman etmirəm ki, Sərxan Hacıyev bu işi bacarmayacaq. Müəllimi Elxan Məmmədov olubsa, bu sahədə əsl peşəkar olmalıdır.
Üstəlik, Firəngitsanda oturan Elxan Məmmədovun da əli daim onun çiynində olacaq. Elə onun tapşırıqlarını yerinə yetirsə, bəsdir, daim özünə gün ağlayacaq, bir tikə çörək tapacaq.
Qalır, varis haqda düşünmək. O məsələni də indidən həll etmək lazımdır. Harada uğursuz biri varsa, istedadlı və ya istedadsız dələduz münbit məkan axtarırsa, onu mütləq AFFA-ya gətirməlidir Sərxan Hacıyev.
Adama deyərlər ki, səni yetişdirdilər, indi zəhmət çək, sən də yetişdir. Zəhmət çək! Zəhmət!
Natiq Muxtarlı

