“Qarabağ”lılara yaxşı tanış olan UĞURSUZ ADAM

9 Dekabr 2021 10:40 Araşdırma 3 366
“Qarabağ”lılara yaxşı tanış olan UĞURSUZ ADAM

“Bazel” - “Qarabağ” qarşılaşmasının yekun nəticəsi qrupu ilk pillədə başa vurmaq baxımından ciddi önəm daşıyır.

Və belə vəziyyətdə oyunun baş hakimindən çox şey olacaq.

İndiyə qədər həlledici məqamlarda təmsilçimizin avropalı referilərinin ədalətsiz qərarları ilə üzləşdiyinin az şahidi olmamışıq.

Allah növbətisindən qorusun!

Bu dəfə meydanda baş verənlərə xorvatiyalı Fran Yoviç nəzarət edəcək. Filip Ozobiçin həmyerliləri.

2011-ci ildən yaxasında FİFA-nın emblemini daşıyan hakim indiyə qədər 26-sı klubların, 33-ü yığmaların turniri olmaqla 59 oyunda meydana baş hakim kimi ayaq basıb.

Hər nə qədər maraqlı olsa da, bu 10 ildə heç vaxt “Qarabağ”ın iştirakı ilə baş tutan oyun(lar)da görünməyib. Lakin bizimkilərlə yolu bir neçə dəfə kəsişib.
İlk tanışlığı elə debüt ilinə - 2011-ci ilə təsadüf edib.

U-17-lərin Avropa çempionatının seçmə mərhələsində Təbriz Həsənovun yetirmələri səfərdə Belçikanın qonağı olanda, Yoviç dördüncü hakim funksiyasını daşıyıb. Matç rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

2012-ci ildə yenə yığmamızın oyununda görünüb və yenə “dördüncü” kimi. Sadəcə, bu dəfə U-19-ların Avropa çempionatının seçmə mərhələ oyunu baş tutub. Seçməmiz Xorvatiyada İslandiya yığmasına 1:2 hesabı ilə uduzub.

2019-cu il, yenə U-19-ların Avropa çempionatının seçmə mərhələ oyunları , yenə Yoviç.

Oktyabrın 9-da bizimkilər Norveçlə qarşılaşanda haqqında danışdığımız şəxs, nəhayət, baş hakim kimi görünüb. Təəssüf ki, həmyerlilərimiz skandinavlara 0:1 hesabı ilə uduzub.

Bundan 3 gün sonra Samir Əliyevin yetirmələri Çexiya seçməsi ilə oynayıb ki, xorvat referi bu dəfə dördüncü hakim funksiyasını yerinə yetirib.

Hər nə qədər maraqlı görünsə də, Yoviç dördüncü dəfə azərbaycanlıların yenilgisinin canlı şahidinə çevrilib – 0:4. Yeri gəlmişkən, hazırda “Qarabağ”ın formasını geyinən Musa Qurbanlı bu oyunun iştirakçısı olub.

Nəhayət, 2020-ci ildə Yoviç əsas yığmamızın ev oyununa təyinat alıb və Bakıya gəlmək şansı yaranıb.

Lakin ötən il oktyabrın 13-nə təsadüf edən qarşılaşma zamanı ölkəmizdə Vətən Müharibəsi davam etdiyindən, Avropa Millətlər Liqası çərçivəsində Azərbaycan – Kipr matçı Albaniyada keçirilib.

Qolsuz bərabərliyin qeydə alındığı həmin dueldə Yoviç kiprlilərin qapısına penalti təyin etsə də, Qara Qarayev əla imkanı əldən verib.

Yeri gəlmişkən, həmin matçda “Qarabağ”ın üzvlərindən Qaradab başqa Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, İsmayıl İbrahimli və Ramil Şeydayev də iştirak edib.

Qısası, xorvat referi azərbaycanlılar və “Qarabağ”lılar üçün kifayət qədər tanış simadır. Acı mənzərə odur ki, bu hakimin iştirak etdiyi 5 oyunun heç birində bizimkilər qələbə sevinci yaşamayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti