AFFA-nın “trol ordusu”nun “Qarabağ”ı hədəf almasının inanılmaz səbəbi

12 Oktyabr 16:00 Araşdırma 1 885
AFFA-nın “trol ordusu”nun “Qarabağ”ı hədəf almasının inanılmaz səbəbi

Azərbaycan yığması hər dəfə məğlub olduqdan sonra sosial şəbəkələrdə təşkilatlanmış “trol ordusu” fəaliyyətə başlayır.

Bu “ordu”nun əsas məqsədi AFFA-ya qarşı tənqidləri zərərsizləşdirmək, ictimai rəyi başqa səmtə yönəltməkdən ibarətdir.

Yığmanın əvvəlki məğlubiyyətlərindən sonra bu “ordu”ya verilən təlimat təxminən belə idi: yığmamız yaxşı oynadı, gələcəkdə daha yaxşı olacaq.

İrlandiya ilə oyundan sonra dəyişən təlimat
Amma gələcəkdə heç nə yaxşı olmadığı üçün ictimai rəyi çaşdırmaq, insanları yönləndirmək çətin olurdu. Ona görə də, İrlandiyaya biabırçı məğlubiyyətdən sonra tezis dəyişib. Bu dəfə AFFA-dan gələn təlimat belə idi: “Qarabağ”ı hədəf alın. “Trol ordusu”nun yazdığı şərhlər təxminən belə idi: “Qarabağ”ın futbolçuları klubda oynadıqları kimi yığmada oynamırlar. Qəsdən zəif oynayırlar.

Kimə xidmətdir, məqsəd nədir?
Məqsəd aydındır: Azərbaycanı Avropada ləyaqətlə təmsil edən, həm də bütövlükdə ölkə futbolunun qara simasında kiçik ağ ləkə olan bir klubu qaralamaq. Kimə xidmətdir bu? Məqsəd nədir? Axı “Qarabağ” həm də AFFA-nı qoruyur. AFFA rəhbərləri məhz “Qarabağ”ın uğurlarının arxasında gizlənərək “Azərbaycanda futbol inkişaf edir” deyirlər. Bəs nədən onları zərbədən qoruyan “qalxan”ı niyə zədələsinlər? Bu haqda bir qədər sonra

“Xidmət” üçün ayda 100 manat verilir
Bəs bu “ordu” necə formalaşıb? Onları kim idarə edir? Maliyyə haradan alınır? Bununla bağlı Sportinfo.az-a məlumat daxil olub. AFFA-nın “trol ordu”su 100 nəfərdən ibarətdir. “Ordu”ya elə AFFA əməkdaşları, əsasən də mətbuat xidmətində çalışanlar cəlb olunublar. Onların hər birinə göstəriş verilib ki, yaxınlarını, dostlarını bu işə cəlb etsinlər. “Ordu”nun hər “əsgəri”nə də “xidmət” üçün ayda 100 manat verilir. Yəni 100 nəfərlik “trol ordu”sunu saxlamaq üçün AFFA-dan hər ay 10 min manat ayrılır. Təbii ki, bu vəsaiti AFFA-nın yüksək vəzifəli məmuru “yuyulmuş” puldan ödəyir.

Bu “əsgərlər”də yaradıcılıq yoxdur
AFFA əməkdaşları da yaxınlarının adına saxta profillər açıblar. Bu profillər də onların özləri tərəfindən idarə olunur. “Ordu”nun sosial şəbəkələrdə operativ əlaqəsi üçün qrupları da mövcuddur. Tezis o qrupa atılır və “xidmət” başlayır. Fikir veribsinizsə, “trol ordu”sunun yazdıqları, təxminən eyni cümlələrdir. Yəni bu “əsgərlər”də yaradıcılıq yoxdur. Tapşırıq gəlir, dərhal saxta profillər aktivləşdirilir və təlimatdakı bəzi sözlər (cümlələr də yox) dəyişdirilir və paylaşırlar. Vəssalam. AFFA-da “ordu”nu formalaşdıran hər əməkdaş 3-4 belə saxta profil işlədir. Yəni ayda 300-400 manat alırlar buna görə. Min bərəkət. Daş atmırlar, yer belləmirlər, eləcə, ayda-ildə bir dəfə Azərbaycanın maraqlarına xəyanət edən bir-iki status yazırlar. Kim imtina edər belə “çörək”dən? Azərbaycanı sevənlərdən savayı heç kim.

Özünü qorumaq üçün “Qarabağ”ı şərlə
Son vaxtlar “Qarabağ”ın hədəf alınması da gələcək planın tərkib hissəsidir. Məlumat var ki, seçmə mərhələnin sonunda yığmanın biabırçı çıxışı ilə əlaqədar AFFA rəhbərliyindən ən yüksək səviyyədə hesabat tələb olunacaq. AFFA rəhbərliyi özünü qorumaq üçün “Qarabağ”ı şərləməkdən başqa yol görmür. Yəni hesabatın məğzi belə olacaq: Yığma ona görə zəif çıxış edir ki, “Qarabağ”ın futbolçuları millidə qəsdən zəif oynayırlar. Hədəf həm də Qurban Qurbanovdur. Bu futbolçulara “qəsdən zəif oynayın” tapşırığını kim verə bilər? Təbii ki, Qurban Qurbanov. Bununla da, Qurbanovu ölkə rəhbərliyinin gözündən salmağı da hədəf götürüblər.

Eyni mahiyyətli iki “ordu”
AFFA təkcə Azərbaycan futboluna qənim kəsilməyib. Həm də Azərbaycanın milli maraqlarına süngü sancır. AFFA-nın “trol ordu”sunun fəaliyyətini İran mollalarına xidmət edən “aftafaçı ordu” ilə müqayisə etmək olar ancaq. Hər iki “ordu”nun fəaliyyət planı və aldıqları tapşırıqlar, təxminən eyni mahiyyət daşıyır. Və daha bir məqam: AFFA hüquqşünas Aslan İsmayılovu məhkəməyə verib. Guya böhtan atıb hüquqşünas AFFA-ya. İddia ərizəsində İsmayılovdan 10 min manat təzminat tələb edir AFFA. 10 min manat. Bu məbləğlə “trol ordu”su arasında hər hansı əlaqə gördünüz? “Trol ordusu”nun bir aylıq xərci. İddia ərizəsini dəyişmək gec deyil ki?

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:20 Pullu kişinin ac balası