Ermənistanda silahların işə düşməsi Qarabağda gərginliyi tətikləyə bilər

7 Mart 2021 00:56 Araşdırma 2 809
Ermənistanda silahların işə düşməsi Qarabağda gərginliyi tətikləyə bilər

44 günlük məğlubiyyətdən sonra Ermənistan daxilində hərbi-siyasi gərginlik azalmır, əksinə, gündən-günə artır.

Baş nazir Nikol Paşinyanın istefasına nail olmayınca, sakit oturmayacaqlarını bəyan edən hərbi-siyasi müxalifətə qarşı tərəfin açdığı savaş bu gərginliyin uzun müddət davam edəcəyi qənaətini yaradır.

Artıq müxalifətin baş nazir postuna namizədi Vazgen Manukyana qarşı cinayət işinin açılması hakimiyyətin revanşından xəbər verir. Bundan əvvəlki illərdə Paşinyan hökuməti 2008-ci ilin 1 mart hadisələrini qurdalayaraq, Robert Köçəryan və digərlərini məhkəmə dəhlizlərində sürünməyə vadar etməklə onların əl-qolunu bağlamışdısa, indi də eyni aqibətlə Manukyan üzləşəcək.

Rəsmi açıqlamada bildirilir ki, Ermənistanın İstintaq Komitəsi Manukyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar) ittiham irəli sürüb. Məlumata görə, Vazgen Manukyan bu il fevralın 12-də və 20-də Azadlıq meydanında baş tutan mitinqlərdə açıq şəkildə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib.

İrəvanda ümidlər məzarlıqda puç oldu

“Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərmək qərarına gəlsə, ordu itaət etməyəcək”. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu müxalif “Vətənin Qurtuluşu Hərəkatı”ndan baş nazirliyə namizəd olan Vazgen Manukyan deyib. O, həmçinin Qasparyan məsələsində Paşinyanın Armen Sərkisyana təzyiq göstərdiyini güman etdiyini bildirib. Manukyan hökuməti təhdid edərək, “Əgər müharibə istəyirlərsə, onu alacaqlar” - deyə əlavə edib.

Göründüyü kimi, müxalifət də geri çəkilmək istəmir. Bu, heç də müxalifətin güclü olması anlamına gəlmir. Elə Paşinyanın keçirdiyi yürüş-mitinq də onun müxalif düşərgədən qat-qat böyük dəstəyə malik olduğunu nümayiş etdirdi. Sadəcə, revanşist qüvvələr kapitulyasiyaya imza atmış N.Paşinyanı devirməyə şans kimi baxır, üstəlik, onların xaricdəki himayədarları da dayanmamağı tövsiyə edir. Xüsusilə də Rusiyadakı erməni diasporu və hakim elita daxilindəki qüvvələr Paşinyanı yola salmaqda israrlı olduqları üçün Ermənistandakı revanşçılara “maşa” gözü ilə baxırlar. Müxalifət növbəti mitinqi martın 6-na təyin edib. Ancaq elə ötən gün Ermənistan parlamentinin binası qarşısında “Vətəninin qurtuluşu hərəkatı”nın təşkil etdiyi genişmiqyaslı mitinq də əvvəlkilərdən fərqlənmədi. Paşinyanın parlamentə gələcəyi və “Hökumət saatı”nda iştirak edəcəyini gözləyənlər həmin günə xüsusi hazırlaşmışdılar. Aksiyanın keçirildiyi Baqramyan prospektində təxribatların ola biləcəyi barədə polisin yaydığı xəbərdarlıq, parlament binası qarşısında qumbaraların tapılması, ətrafdakı binaların üzərinə snayperlərin yerləşdirilməsi də sıradan məsələ sayıla bilməz. Bu arada hakimiyyət müxalifətin növbəti mitinqi ərəfəsində İrəvanın mərkəzinə, hökumət binasının qarşısına daxili qoşunların bölmələrini yerləşdirib. Hakimiyyət davamlı şəkildə xəbərdarlıq edir ki, müxalifətin bu günə təyin olunmuş mitinqi zamanı “təxribat” gözlənilir. Bu, Ermənistanın növbəti terrora “hamilə” olduğu qənaətini möhkəmləndirir. Məşhur deyim yerinə düşür: “Əgər tamaşanın əvvəlində xalça üzərindən silah açılıbsa, sonda mütləq atəş açılacaq”. Məntiqlə, parlament binası üzərində yerləşdirilmiş snayperlərin sonda tətiyinin çəkiləcəyi istisna deyil. Terror dövləti üçün bu, nə təəccüblüdür, nə də gözlənilməz.

Ermənistanda yeni gərginliк

Yayılan məlumata görə, Ermənistan hakimiyyəti baş nazir Nikol Paşinyanın istefasını tələb edən Baş Qərargah rəisi Onik Qasparyanı həbs etməyə hazırlaşır. Bu haqda “Armlur” portalı məlumat əldə edib. Bildirilir ki, generala qarşı artıq cinayət işi qaldırılıb. Bundan az əvvəl Onik Qasparyan növbəti bəyanatla çıxış edərək bildirmişdi ki, öz postunu tərk etməyə hazırlaşmır və məsələnin Konstitusiya Məhkəməsində müzakirəsini gözləyir. Xatırladaq ki, Ermənistan prezidenti Armen Sərkisyan Onik Qasparyanın vəzifəsindən azad edilməsinə dair baş nazirin təqdimatını ikinci dəfə təsdiqləməyib və məsələni Konstitusiya Məhkəməsinə yönləndirib.

Yerevanda müxalifətin çadır düşərgəsində silahlı şəxs saxlanıldı | Report.az

Ermənistan prezidenti Armen Sərkisyan N.Paşinyanla görüşündən bir neçə gün sonra üsyançıların lideri ilə - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanla bir araya gəlib. Virtualaz.org bildirir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. “Həmsöhbətlər son hadisələr nəticəsində yaranmış gərgin vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, qəbul edilən qərarlardan asılı olmayaraq, ölkənin təhlükəsizliyi və sabitliyi birinci dərəcəli əhəmiyyətə malikdir. Prezident Sərkisyan qeyd edib ki, Silahlı Qüvvələr hamının diqqət mərkəzində olmalıdır və ordu daim onun diqqət mərkəzində olacaq”, - rəsmi məlumatda bildirilir.

Ermənistanın baş naziri isə növbəti dəfə müxalifətə xitabən bəyan edib ki, hökumət əleyhdarları razı olarsa, bu il növbədənkənar parlament seçkiləri keçirməyə və bu məsələnin müzakirəsi üçün müxalifət nümayəndələri ilə görüşməyə hazırdır. Onun sözlərinə görə, müxalifətlə razılaşmaq sosial həmrəyliyi bərpa etmək üçün lazımdır. “Əgər parlament müxalifətindəki partnyorlarımız təklifimizi qəbul edərsə, 2021-ci il ərzində, dediyim kimi, razılaşdırılmış vaxt çərçivəsində erkən seçkilər keçirəcəyik. Biz bu addımları ”hər şeyə rəğmən" atmaq istəmirik. Seçkilər ictimai həmrəyliyi bərpa etmək üçün bir vasitədir, həmvətənlərimizə öz mövqelərini ortaya qoymaq imkanı verəcək. Hökumət və siyasi qüvvələr seçkilərin azad, ədalətli və qanuni keçirilməsinə zəmanət verməlidir", - Paşinyan qeyd edib. O əlavə edib ki, artıq bununla bağlı dəvət göndərib və yaxın vaxtlarda sözügedən məsələnin müzakirəsi üçün parlament müxalifətinin rəhbərləri ilə görüşmək niyyətindədir.

Azərbaycanın dövlət başçısının 26 fevralda keçirdiyi geniş mətbuat konfransında bəyan etdiyi kimi, baş verənlər Ermənistanın daxili işidir. Ancaq heç şübhəsiz ki, əgər bu ölkədə qarışıqlıq pik nöqtəyə çatarsa, proseslər Azərbaycana təhdid yaradarsa, yaxud Qarabağ ətrafında vəziyyətə mənfi təsirləri olarsa, o halda Azərbaycan biganə qala bilməz. Son zamanlar erməni hərbçilərin gizli şəkildə Qarabağa göndərilməsi barədə xəbərləri elə ermənilər özləri tirajlayırlar. İstisna deyil ki, Paşinyan hökuməti Ermənistandakı hərbçiləri Qarabağa göndərməklə bir tərəfdən özünə təhlükənin miqyasını azaltmağa çalışır, digər tərəfdən, fürsət düşən kimi, Araik Arutyunyanın başçılıq etdiyi terrorçuları hərəkətə gətirərək həm diqqəti daxildəki proseslərdən yayındırmaq, həm də hansısa “uğur” qazanmaqla öz rəqiblərini zərərsizləşdirmək istəyə bilər. Təbii ki, kapitulyasiyaya imza atmış, ordusunun böyük hissəsi darmadağın edilmiş ölkənin hakimiyyəti bununla təhlükəli oyun oynamış olar, ancaq erməni faşizmindən hər cür alçaqlıq gözləmək olar. Deməli, bizim ayıq-sayıq olmağımızda fayda var. Dövlətimizin başçısı da bəyan edib ki, ermənilərin növbəti revanş cəhdi onlar üçün daha böyük fəlakətlərə səbəb ola bilər. Hətta bir sıra xarici ekspertlər, məsələn, keçmiş həmsədr Metyu Brayza, hesab edirlər ki, Azərbaycan daxilindəki qanunsuz silahlı birləşmələri tam məhv etmək üçün antiterror əməliyyatı keçirmək hüququna malikdir. Ancaq bir sıra bəzi müşahidəçilər hesab edir ki, Ermənistandakı hadisələrin necə cərəyan edəcəyini gözləməliyik. Yəni bizim hərəkətliliyimiz parçalanmış erməniləri birləşdirər və İrəvandakı proseslər məntiqi sonluğuna çatmaz.

63 yaşlı Qafar Çaxmaqlı:

Qafar Çaxmaqlı

İrəvan Mühacir Hökumətinin başqanı, ermənişünasalim Qafar Çaxmaqlı düşmən ölkədə baş verənləri təhlil edərkən bildirdi ki, Ermənistanda gedən proseslər əslində gözlənilən olmaqla yanaşı, bunun ciddi qarşıdurma və xaosa yol açacağı da görünməkdə idi: “Artıq elə bir mərhələyə qədəm qoyulub ki, heç bir tərəf güzəştə getmək istəmir. Hakimiyyət onun qarşısını almaq iqtidarında deyil. Baş qərargah rəisi ilə bağlı verdiyi qərarı dəyişmək Paşinyanın vəziyyətini daha ağırlaşdıra bilər. Ona görə Paşinyan durumunu düzəltmək üçün onu çevrilişə cəhd etdiyini əsas alaraq həbs etdirməlidir. Konstitusiyanı pozan qüvvələrlə bağlı da sərt tədbirlər görüləcəyi söylənməkdədir. Amma bu durumu dəyişdirəcəkmi? Yox, şübhəsiz ki. Ayın 6-da olacaq mitinqdə inanmıram ki, onu devirmək qərarı çıxsın. İstefa səslənişləri ola bilər, Paşinyan isə bunlara artıq cavab verib: erkən seçkilər”. Q.Çaxmaqlının fikrincə, Azərbaycan bu proseslərə uyğun hərəkət etməlidir: “Bir sıra qüvvələr 10 noyabr sazişinin pozulmasının tərəfdarıdırlar. Ola bilsin Qarabağda yeni terror dalğası əsdirsinlər. Azərbaycan tədbirlər görməyə hazır olmalıdır. Antiteror əməliyyatlarının başladılması, məncə, qaçılmaz olacaq. Bu isə yeni bir müharibə deməkdir”.

Zaur Məmmədov:

Zaur Məmmədov

Politoloq Zaur Məmmədov isə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ermənistanda baş verənləri sakitliklə izləməkdədir: “Bu gün orada baş verənlər Bakı tərəfindən çoxdan proqnozlaşdırılırdı. Hazırda Ermənistan cəmiyyəti gələcəkləri ilə bağlı iki hissəyə parçalanıb, müharibədə məğlubiyyətdən sonra orada ideologiyaların mübarizəsi gedir. Bu savaşın liderləri isə bir-birilərinə qarşı şəxsi düşmənçilik edən siyasətbazlardır. Əslində erməni xalqı bu iki qütbün liderlərinin heç birindən razı deyil. Elə bunun da nəticəsidir ki, nə iqtidarın, nə də müxalifətin mitinqlərində meydan lazımınca dolmur”. O ki qaldı ümumilikdə Ermənistanda baş verənlərə, ekspertimizin sözlərinə görə, çox güman kı, Onik Qasparyan vəzifəsindən qovulacaq: “O, hər nə qədər bunu istəməsə də, getməsi labüddür. Nəticə etibarilə yeni seçkilərin keçirilməsinin şahidi ola bilərik”.

Edmon Marukyan (@edmarukyan) | Twitter

Edmon Marukyan

Yazı çapa hazırlanarkən Ermənistanın baş naziri Nikol Paşinyanın “İşıqlı Ermənistan” parlament fraksiyasının başçısı Edmon Marukyanı qəbul etdiyi xəbəri yayıldı. “Report” “Sputnik Armeniya”ya istinadən bildirib ki, hökumət binasında keçirilən görüşdə Ermənistandakı vəziyyət və növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair məsələlər müzakirə olunub. Bir müddət əvvəl Marukyan bildirmişdi ki, Nikol Paşinyana Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi haqqında təqdimatını geri çəkməyi, bunun qarşılığında isə İşıqlı Ermənistan Partiyasının baş nazir postuna öz namizədini irəli sürməyəcəyi ilə bağlı hakimiyyətlə memorandum imzalamağı təklif etmişdi. Bundan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar verilə bilər. Ancaq Paşinyan martın 1-də bildirib ki, nöbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələni müzakirə etməyə hazırdır: “Ancaq Baş Qərargahın rəisi tutduğu vəzifədən getməlidir”.

Görünən budur ki, N.Paşinyan əzələ nümayiş etdirməklə yanaşı, müxalifəti parçalama planını da reallaşdırır. İstənilən halda, bizi sərhədlərimizin daxilində baş verənlər maraqlandırır.

Elşad Paşasoy

Digər Xəbərlər
Xəbər Lenti