Qarabağda hərbi hissələrə və şəhərciklərə nə qədər vəsait xərclənəcək?

17 Yanvar 2021 21:10 Araşdırma 397
Qarabağda hərbi hissələrə və şəhərciklərə nə qədər vəsait xərclənəcək?

44 günlük II Qarabağ savaşında işğaldan azad etdiyimiz ərazilərdə hərbi hissələrin və şəhərciklərin salınması, heç şübhəsiz ki, mülki obyektlərlə müqayisədə daha sürətli aparılacaq.

Çünki ilk növbədə bu, milli təhlükəsizlik məsələsidir. Bu istiqamətdə bir çox suallara rast gəlirik.

Əsas suallardan biri 2021-ci ildə azad edilmiş ərazilərdə hərbi hissələr və digər tikililər üçün nəzərdə tutulanlara ayrılan vəsaitin bəlli olub-olmaması ilə bağlıdır. Eyni zamanda, ordu quruculuğunda daha çox hansı istiqamətlərin prioritet götürüləcəyi də müzakirələr sırasındadır.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi” ictimai birliyinin sədri, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hərbi ekspert Emin Həsənli yaranan suallara belə aydınlıq gətirdi: “Qısa müddətdə Azərbaycanın həm də İranla sərhədimizdə Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində, həm də Ermənistanla sərhədimizdə Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər istiqamətlərində hərbi hissələr tikiləcək. Burada hərbi şəhərciklər də salınacaq. Bu işlər çox sürətli gedəcək. Əvvəllər təmas xəttində böyük hərbi hissələr tikilmirdi ki, müharibə olacaq, onsuz da bu hərbi hissələrin yeri dəyişdiriləcək. İndi artıq ərazilər müəyyənləşib. Bu istiqamətlərdə hərbi hissələr tikiləcək, həm hərbçilərin ailələrinin, həm də əsgərlərin yaşaması üçün. Bir sözlə, infrastruktur yaradılacaq.

Ordunun daima silahlanması Ali Baş Komandanın diqqət mərkəzindədir. Müasir silahların əldə edilməsi prosesi bu gün də gedir. Eyni zamanda, Azərbaycan dövləti müasir silahlar istehsal etməyə başlayıb. II Qarabağ savaşından dünya ölkələrinin nəticə çıxara biləcəkləri məsələlər var. Azərbaycan dövlətinin özünün də bu müharibədən nəticə çıxardığı məsələlər var, silahlanma, yeni silahların alınması, peşəkar orduya keçid məsələsində, eləcə də, xüsusi təyinatlıların sayının artırılması, eyni zamanda, müddətdən artıq hərbi qulluqçuların sayının artırılması kimi məsələlərdə. Digər tərəfdən əgər müharibə apardığımız 2020-ci ildə hərbi büdcəmiz 1,9 milyard dollar idisə, bu rəqəm bu il 2,7 milyard olacaq. Bəziləri düşünürdü ki, müharibə bitdi və hərbiyə ayrılan vəsaitlər azalacaq. Amma bu, belə olmayacaq. Hazırda dünyada peşəkar orduya keçid əsas məsələlərdən biridir. Azərbaycan ordusu da çox nizami ordudur. Güclü kadr potensialımız var. Çağırış sistemimiz davam edəcək. Ordumuzun saxlanılması, silahlandırılması istiqamətində islahatlar davam edəcək. Hər il yeni-yeni tələblər meydana çıxır və bu istiqamətdə Azərbaycanda işlər görülür.

Ordu bizim hamımızın qürur yerimizdir. Onlar bizim müstəqilliyimizin təminatçısıdır. Silahlı qüvvələrimizin güclü olması üçün hər birimiz bu işə töhfəmizi verməliyik. Hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində hər zaman olduğu kimi indi də görülən işlər daha da sürətləndiriləcək. Zabit gününün böyük hissəsini hərbi hissədə keçirir. Bunun üçün də onun iş yeri, eləcə də, ailə vəziyyəti yaxşı olmalıdır. Azərbaycan dövləti də bu istiqamətdə çox böyük addımlar atır. Zabitlərin mənzil problemlərinin həlli istiqamətində ciddi işlər görülsə də, hələ də bu problemi yaşayan zabitlər qalır. Bu da yaxın zamanlarda öz həllini tapacaq. Hesab edirəm ki, 2021-ci il ordu quruculuğu istiqamətində çox mühüm illərdən biri olacaq".

Polkovnik Şair Ramaldanov sərf ediləcək vəsaitin məlum olduğunu qeyd etdi: “Bilirsiniz ki, büdcədən Silahlı Qüvvələrə ayrılan vəsait təsdiqlənib. Bununla bağlı yəni qərar qəbul olunub. Onu qəbul edəndə həm hərbi şəhərciklərin qurulması, həm döyüş potensialının və digər məsələlərin bərpası, həm də silah silah-sursatın bərpası nəzərdə tutulub. Burada demək olar ki, bütün məsələlər öz əksini tapıb. Hər halda cənab prezidentin dediyi kimi bizdə təmas xətti yoxdur, dövlət sərhədi var. Düşünürəm ki, Azərbaycan Müdafiə Nazirliyinə tabe olan qurumlar, yəni hərbi hissələr daha çox müəyyən istiqamətlərdə təhlükəsizliyi təmin etmək üçün qurulacaqlar. Onlar kompakt şəkildə daha çox şəhərciklərdə olacaqlar. Bilirsiniz ki, onların çöl şəraitində yerləşmələri üçün lazımı avadanlıqlar var. Artıq salınacaq yeni hərbi hissələr üçün istiqamətlər müəyyən ediləcək. Tapşırıqlara görə, hərbi hissələrin hansı yerlərdə yerləşdirilməsi məsələsi tam olaraq öz əksini tapandan sonra suallara aydınlıq gələcək. Hazırda təhlillər aparılır. Bu o qədər də sadə məsələ deyil. Həmin təhlillərin nəticəsində hansı rayonlarda, hansı yerlərdə şəhərciklər, hərbi poliqonlar, təlim mərkəzlərinin tikilməsi müəyyənləşəcək. Bilirsiniz ki, Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə əvvəlki vəziyyətinə gətirilməlidir, yəni itirilən texnikalar yerinə qoyulmalıdır. Müdafiə Nazirliyi tərəfindən müqavilə əsasında xidmət etmək istəyən mülki insanlara, gənclərə müraciət olunub. Hazırda o proses gedir. Bunların hamısına, təbii ki, müəyyən şəkildə vəsait lazım olacaq. Təxmini bilinir ki, müasir hərbi şəhərcik tikmək üçün qiymət nə qədərdir. Bilirsiniz ki, Azərbaycan prezidentinin tapşırığı ilə təmas xəttinə yaxın yerlərdə müasir hərbi şəhərciklər tikilib. Bu baxımdan qiymətlər məlumdur”.

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!