I Liqa uğrunda pley-off matçını “Şimal” qazandı.
Xaçmaz təmsilçisi liqadakı yerini qorumaq üçün II Liqanın 2-cisi olan “Qaradağ-Lökbatan”la qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrıldı.
Lökbatan komandası ikinci hissənin ortalarında hesabda önə keçsə də, “Şimal” son dəqiqələrdə vurduğu qollarla qələbəni təmin etdi.
Oyunun qəhrəmanı adını Rəvan Abbasov qazandı. İkinci hissədə meydana daxil olan 22 yaşlı futbolçu vurduğu baxımlı qolla həm oyuna rəng qatdı, həm də komandasını I Liqada saxladı.
Sportinfo.az-a müsahibə verən möhtəşəm qolun müəllifi sualları cavablandırıb.
- Təbrik edirəm. Vurduğun qol həqiqətən baxımlı alındı. Bir dəqiq zərbə ilə oyunun qəhrəmanına çevriləcəyini təsəvvür edə bilərdin?
- Təbrikə görə təşəkkür edirəm. Açığı, özümə inanırdım. Oyuna sonradan qoşulanda hiss edirdim ki, qol vura bilərəm. Əlimə fürsət düşdü və bunu dəyərləndirməyə çalışdım. Komandama kömək etdiyimə görə xoşbəxtəm.
- Halbuki ötürmə də verə bilərdin.
- Bəli, məndən sol tərəfdə komanda yoldaşım var idi. Əslində onu görmüşdüm. Ancaq nədənsə həmin an məsuliyyəti üzərimə götürüb zərbə vurmaq istədim. Qapıçının irəli çıxdığı də görmüşdüm.
- 90 dəqiqəni göz önünə gətirsək, qələbəni haqq etdiyinizi deyə bilərik?
- Mövsümboyu çox əziyyət çəkdik. Bütün oyunlarımızı demək olar səfərdə oynadıq. Sıravi işçidən tutmuş klub rəhbərliyinə qədər, hamının zəhməti var. Fikrimcə, I Liqada qalmaq haqqımız idi.
- Qələbəyə nəyin sayəsində nail oldunuz?
- Birliyin və döyüşkənliyin. Meydanın hər qarışı uğrunda mübarizə apardıq. Hətta hesabda geri düşməyimizə baxmayaraq, təslim olmadıq, sonra qədər döyüşdük. Klub və komanda olaraq ailə mühiti yaradıb istəyimizə çatdıq. İnşallah, növbəti mövsümdə daha güclü “Şimal” olar.
HƏBİB

