
Son günlər Azərbaycan Premyer Liqası deyil, İkinci Liqa daha çox müzakirə olunur.
Buna səbəb “Şəfa” və “Şahdağ Qusar” arasında keçirilən matçdan əvvəl meydan sahiblərinin liderlik uğrunda vacib görüşöncəsi bilet qiymətlərini 10 manata qaldırmasıdır.
Doğma komandalarına dəstək üçün Bakıya gələn fanatlar rəqibin bu addımı onlara mane olmaq üçün atdığını deyirdilər.
Bəs Azərbaycanda bilet qiymətləri necə tənzimlənir?
Bilet qiymətləri ilə bağlı məsələlər klubların özləri tərəfindən tənzimlənir. Burada AFFA və ya PFL-in heç bir müdaxiləsi ola bilməz.
Amma PFL-in əsasnaməsinə görə, meydan sahibləri stadionun 20 faizini qonaq azarkeşlərə ayırmalıdır. Qonaq komandaya satılan biletlərin qiyməti isə meydan sahiblərinin azarkeşlərinə satılan qiymətlərdən baha ola bilməz.
“Şəfa”nın prezidenti Sərdar Salamzadə isə məsələyə bu cür şərh vermişdi: “İlk dövrədə “Şahdağ Qusar” klubu bizim azarkeşləri stadiona ancaq bilet əldə etdikdən sonra buraxacağını bildirmişdi. Biz də öz növbəmizdə “Şahdağ Qusar”la oyuna biletlə giriş olacağını elan etdik və qiymətlərin 10 manat olacağını açıqladıq”.
Qusarlı azarkeşlər isə qarşı tərəfin bu qərarına baxmayaraq, tribunalarda öz yerlərini aldılar. Onlar uzun yol qət edərək doğma komandalarına “ASK Arena”da dəstəklərini göstərdilər.
Fanatların tribunada etdikləri isə rəngarəng görüntülərə səbəb oldu. Matç 0:0 hesabı ilə bitdi və demək olar ki, “Şahdağ Qusar” çempionluğu təmin etdi. Bu isə bir daha meydanların bəzəyinin azarkeş olduğunu göstərdi.
Digər maraqlı məsələ isə bu matç üçün satılan biletlərin 2024-cü ilə aid olmasıdır. Bununla bağlı azarkeşlər sosial şəbəkələrdə məlumat paylaşıblar.
Klub rəhbəri həmin məsələyə isə bu cür aydınlıq gətirib: “Biz çapa verəndə 2024/2025 mövsümü yazaraq vermişdik. Amma texniki səhv olub. 3729 bilet çap olunmuşdu. Azarkeşlər də artıq yığılmışdı. Yəni ona görə texniki səhv elə də qalıb. Əməkdaşlar da ona fikir verməyib”.
Matçdan sonra da bilet ətrafındakı söz-söhbətlər səngimir. Futbol azarkeşlərinin əksəriyyəti “Şəfa”nın bu qərarını qınayaraq nəinki Premyer Liqada, heç “Qarabağ”ın avrokubok matçlarında biletlərin belə bu qiymətə olmadığını diqqətə çatdırır. Bununla bağlı çoxlu paylaşımlar və şərhlər yazılıb.
Əslində, 2019-cu ildə Azərbaycan Premyer Liqasında da analoji hadisə yaşanmışdı.
Ölkə çempionatının 28-ci turunda “Neftçi” “Qarabağ”a qarşı keçirəcəyi oyundan öncə biletlərin qiymətini qaldırmışdı. Bakılılar rəqib fanatlar üçün bileti 50 manata satmışdılar.
Həmin turdan öncə “Qarabağ” çempionluğu təmin etmişdi və medallara “Neftçi”nin oyunlarını keçirdiyi “Neftçi Arena”da qovuşacaqdı. “Ağ qaralar” bunu məhz əzəli rəqiblərinin mükafatlandırma mərasiminə qatılacaq azarkeşlərin sayının az olması məqsədilə etmişdi. “Qarabağ” rəhbərliyi isə həmin vaxt 35 min manat ödəniş edərək 700 bilet almışdı və tərəfdarların stadiona girməsini təmin etmişdi.
Azərbaycan Premyer Liqasının keçirildiyi ümumi illərə nəzər salsaq, bu cür hadisələrə rast gəlmək olar. Xüsusən azarkeşləri ilə hələ də yaddaşlardan silinməyən “Xəzər Lənkəran”ın matçlarında.
Vaxtilə AZAL (hazırda bu klub yoxdur) klubu “Xəzər Lənkəran”a qarşı keçirdiyi bütün ev matçlarında biletləri pullu edirdi. Halbuki bu komandanın digər oyunlarında stadiona giriş ödənişsiz olurdu. Hətta həmin vaxt Azərbaycan çempionatında ən baha bilet qiyməti 2 manat olduğu halda, AZAL “Xəzər Lənkəran” fanatları üçün qiymətləri 3 manata qaldırırdı.
Bütün bunlara baxmayaraq, hazırda Azərbaycan Premyer Liqasında ən bahalı biletlər “Qarabağ”ın və “Neftçi”nin matçlarınadır. Ağdamlıların çempionat çərçivəsində keçirdiyi oyunlarda qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VİP biletlər isə 15 manat təşkil edir. “Neftçi”də isə sektorlara uyğun olaraq 3, 10, 15 və 35 manatdır.
Ölkə çempionunun avrokuboklarda keçirdiyi qarşılaşmalarda da biletlər 5 manatdan başlayır. Lakin UEFA-nın tələblərinə uyğun olaraq mərkəz sektorlar və VİP biletlər daha yüksək qiymətə satılır.
Azərbaycan İkinci liqasında rəqibdən qisas almaq üçün bilet qiymətlərinin bu qədər yüksəldilməsini isə doğru addım saymaq olmaz. Onsuz da ölkə futbolu azarkeş baxımından ciddi problemlə üz-üzədir. İllər əvvəl stadionlarda hər matçda minimum 5-7 min azarkeşə rast gəlinirdisə, indi bu say 500-700-lə ölçülür.
Birinci liqanın daha yaxşı vəziyyətə gətirilməsindən, İkinci liqanın yaradılmasından sonra bölgə klublarının sayı artdı və yeniləri mübarizəyə qoşuldu. Bundan sonra isə futbolumuzun azarkeş ordusu olduğu göründü. Dünyanın istənilən ölkəsində ulduz futbolçular, məşqçilər, klub prezidentləri futbolun azarkeşlər üçün oynanıldığını etiraf edir, onların tribunalarda yaratdığı ab-havadan zövq aldıqlarını bildirirlər.
Azərbaycan futbolu üçün böyük uğurlara imza atan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da azarkeşlər stadionda olduğu zaman özlərini tamamilə fərqli hiss etdiklərini vurğulayıb.
Elə Premyer Liqada keçirilən sonuncu Azərbaycan derbisinə - “Neftçi” ilə qarşılaşmada 7-8 min azarkeşin tribunalarda yer alması maraqlı qarşılaşmanın oynanılmasına gətirib çıxarmışdı. Qurban Qurbanov da mətbuat konfransında həmin oyunun əsas qəhrəmanlarının azarkeşlər olduğunu bildirmişdi.(qafqazinfo).