"Mən də “sabunlasaydım”, bu gün hər şey olardı"

29 Aprel 2020 21:40 I Divizion 1 089
"Mən də “sabunlasaydım”, bu gün hər şey olardı"

İllərdi heç kimin yadına düşməyən 3 qat ölkə çempionu, 1995/96 mövsümünün iki bombardirindən biri Rövşən Əhmədov son günlər medianın bəzəyinə çevrilib.

Demək olar ki, hamı ondan yazır, işsizliyi qabardılır. “Kəpəz” rəsmilərinin qapısına apardığı yardım sovqatını özündə əks etdirən şəkil isə gündəmi zəbt edib.
2017-nin noyabrında özü ilə danışmış, “Futbol+” üçün müsahibə hazırlamışdım. Dünən növbəti dəfə əlaqə saxladım, yenə söhbətləşdik. Səbəbkar bu dəfə fərqli və sərt danışdı.

- Sağ olsunlar, “Kəpəz”in adından qapınızı döyüb, yardım gətirmişdilər...
- Hə, sağ olsunlar. Başda Müşfiq Cəfərov olmaq şərti ilə Elmar Əliyevə, Azad Mustafayevə təşəkkür edirəm. Bir də idman komitəsindən gəlmişdilər. Açığı, belə şey ağlıma da gəlməzdi. Telefonuma zəng vurdular ki, bəs sizə gəlirik, ünvanı bilmək istəyirik. Gəldilər, kömək edib, getdilər.

- Gətirilən yardım neçə gün bəs elədi?
- Yardımın pisi-yaxşısı, yekəsi-balacası olmur. Nə gətirmişdilərsə, Allah canlarını sağ eləsin.

- O mənada demirəm. Yəni yardım uzaqbaşı 3-5 gün bəs edər. Bəs sonra?
- Əlbəttə, söhbəti yoxdu. Yardımdı da, hərəsindən 2-3 kilo olan köməkdi. Məsələn, 3-5 gün, uzaqbaşı bir həftə gedər. Nə deyim, vallah. Allah hamının ürəyinə görə versin.

- Yardım qutusunu götürən an çəkilən şəklinizi gördüm. Gözlərinizi yerə zilləmisiz, sanki fotoaparatın, telefonun obyektinə düşmək istəmədiyinizə mesaj verirsiz. Şəkil çəkdirməyi xoşlamırsız, yoxsa həmin an utandığınızdan başınızı qaldıra bilmədiz?
- Sözün düzü, şəkil çəkdirməyi sevən deyiləm. Amma şəkil çəkdirəndə özüm yerə baxdım ki, pis olmayım (səsi kəsilir).

- O şəkli görəndən sonra yazı yazdım. Və orda qeyd etmişəm ki, Rövşən Əhmədov bilsəydi ki, bu günə qalacaq, vaxtında topa, meydana, futbolkaya tüpürüb özünə başqa sənət seçərdi. Siz də indi bu cür düşünürsüz?
- Bilsəydim ki, AFFA belə hörmət göstərəcək, vaxtında özümə day-day tapardım, “girənlik” edərdim. Bilərdim ki, həmişə işim olacaq, pulsuz qalmayacam. Futbolu da həvəs, maraq üçün oynayardım. Bunları əsəbdən deyirəm, amma yox. O vaxt hansısa sənət seçərdim, ya yox – deyə bilmərəm. Amma bu gün futbola nifrət edirəm. AFFA-dakılar oturub isti otaqlarda, yanlarında da 5-10 nəfər özlərininki. Hara getsələr, yanlarındadılar. Bir nəfər soruşmur ki, belə bir çempion, bombardir vardı, hardadı, nə işlə məşğuldu? Özüm nə qədər ağız açmışam, kömək edən olmayıb.

- Millət vəkili Müşfiq Cəfərov sizi işlə təmin edəcəyini bildirib. Yəqin ki xəbərdarsız.
- Hə, bilirəm. Müşfiq müəllim sağ olsun, Allah onun canını sağ eləsin, özü mənimlə əlaqə saxlamışdı. O gündən bəri iki dəfə zəng vurub. Deyir, narahat olmayın, mən sizi işlə təmin edəcəm. Etsə də, sağ olsun, etməsə də. Əsas odu, cəhd edir, vəziyyəti başa düşür.

- Futbol işi olacaq?
- İki şey bacarıram da: futbol, bir də fəhləlik. Yəqin ki futbolla bağlı iş olar. Fəhlə işinə qalsa, onsuz da fəhləlik edirəm də.

- AFFA-nın diqqətsizliyi, illərdi konkret bir neçə mütəxəssisə bel bağlaması – bunlar öz yerində, hamıya məlumdu. Bu gün futboldan kənarda qalmağınızda özünüzdə hansı günahı görürsüz? Vaxtilə sizinlə çiyin-çiyinə oynayan Azər Məmmədov kateqoriya alıb, bu gün də “Qarabağ”ın əvəzedicilərini çalışdırır.
- Birincisi, Azərlə mənim aramda yaş fərqi var. İkincisi, Azər sonradan “Qarabağ”da oynadı, ona görə də klub rəhbərliyi tanıdıqları insan kimi onu işə götürdülər, sağ olsunlar. Üçüncüsü, Rzanın (Rza Məmmədov – H.) vaxtında “Kəpəz”də, Saşanın (Şahbaz Süleymanov – H.) vaxtında “Şəmkir”də bəziləri kimi sabunlu-sabunlu “girə” bilsəydim, bu gün mənim də hər şeyim olardı. Mən “sabunlanmadım”, əksinə, komandanın adından danışırdım ki, uşaqlar maaş alsınlar. Mən heç vaxt özüm üçün pul davası eləmirdim, uşaqların marağı üçün danışırdım. 3 il, demək olar, pulsuz oynamışam, səsimi çıxarmamışam. Aylıq 5-6 min alanlar var idi, bilirdim. Amma mən 400-500-ə oynayırdım, ilimə 5-6 min edirdi.

- Birvaxtlar “Kəpəz”in formasını geymiş tanınmışlara nəzər salıram. Hüseyn Məhəmmədov, Fazil Pərvərov, Firuz Qulami, Xaliq Mərdanov, Rövşən Əhmədov bu gün işsizdi, İmamyar və Yadigar Süleymanov qardaşları Rusiyada ticarətlə məşğul olur, Faiq Cabbarovun durumu hamıya məlumdu, Vidadi Rzayev illərdi işsiz idi. Gəncəlilərin kütləvi işsizliyi nə ilə bağlıdı?
- Vidadi də işləyir, Xaliq də işləyir, Cavid də işləyir, Azər də işləyir... Bu gün kimsə işləməsə də, dünənə qədər işləyib. Şahin Diniyevin vaxtında lazım olan qədər işləyənlər olub. Mən, Fazil, Sahib, Emin, Tofiq – bunlar niyə işləmir bəs? Bunları niyə yada salan, işə çəkən yoxdu? Bayaq adını çəkdiklərinizin hansı biri işləyən vaxtlarda işsizlərə dəstək olub, hardasa adımızı çəkib? 4-5 nəfərdilər, bu işdə işləyib çıxırlar, sabah başqa iş olur, yenə həmin adamlar ora gedir. Mehman Allahverdiyevin dövrü var idi ha, bax, həmin epizoddu. 5 nəfər idilər, bu gün çıxırdılar, sabah yenə həmin 5 nəfər gəlirdi. Ə, noldu, bu boyda respublikanın futbolu 5 nəfərdən ibarətdi? Şahin Diniyev oğlumu komandaya götürmədi. Xəbər göndərmişdi ki, götürə bilmərəm. Kateqoriyam yoxdu deyə, özümü işə götürə bilmədilər. Dedim, heç olmasa, uşağı götürüb dəstək verin, qabağa getsin, özünə gün ağlasın. Şahinə nə pisliyim dəyib? Özünü görə bilmirəm, görəndə soruşacam, görüm nə pisliyim dəyib ona. “Kəpəz”in keçmiş futbolçularının hərəsi bir tərəfə dağıldı. Ortalıqda qalan biz kasıblarıq – mən, Fazil, Firuz, Sahib, Emin (Futbol+)...

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"