“Orada bir dəqiqə belə arxayınlaşmaq olmaz”

20 Aprel 08:20 Basketbol 886
“Orada bir dəqiqə belə arxayınlaşmaq olmaz”

“Parisdəki hədəfimiz də uğur qazanmaq olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova Honqkonqda keçirilən Olimpiya Təsnifat turnirində qalib olmaları barədə danışarkən deyib.

Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanan yığmanın oyunçusu tarixi uğurun davamını Fransada gətirmək istədiklərini bildirib:

“Olimpiya Oyunlarında dünyanın 8 güclü komandası mübarizə aparacaq. Orada 1 dəqiqə belə arxayınlaşmaq olmaz. Təbii ki, biz də uğur qazanmağa köklənəcəyik. Parisdə hədəfimiz məhz bu olacaq".

D.Ulyanova öz işlərini sevdikləri üçün uğur qazandıqlarını söyləyib:

“Uğura aparan yolun əvvəli bir neçə il öncəyə dayanır. İlk dəfə Macarıstanda beynəlxalq turnirə qatılmışdıq.

Dünyada elə bir idmançı yoxdur ki, olimpiadanı arzulamasın. Bu fikirlər hər zaman beynimdə olub.

Arzunu gerçəkləşdirmək üçün isə dayanmadan üzərində işləməlisən. Mən də hər zaman bunu arzulayırdım və buna doğru addımlayırdım”.

Basketbolçu yarımfinaldan sonra hisslərini cilovlaya bilməməsindən də danışıb: “Təbii ki, uğur qazanacağımıza inanırdım. Turnirdəki hər bir oyun gərgin mübarizə şəraitində keçdi. Yüksək köklənmə və sonadək mübarizə nəticəsində istəyimizə çatdıq. Aleksandra Mollenhauerin son dəqiq atışından sonra olimpiyadaya gedəcəyimizi dərk etdik”.

Millimiz turnirin finalında Polşaya 18:17 hesabı ilə qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti